Kitab

Zara Hüseynova yaz gəlmədən bu 5 kitabı oxumağı tövsiyə edir

“Mənim üçün ən güclü kitablar fikirlərimi az da olsa dəyişə bilən kitablardır” Zara Hüseynova

1Lady.az portalının “Kitab ən yaxın dostumuzdur” rubrikasının budəfəki qonağı “Forbes” jurnalının 30 yaşdan aşağı “30 avropalı sosial sahibkar” siyahısında yer almış, gənc Azərbaycanlı biznes ledi Zara Hüseynovadır. Zara Hüseynova “ALZA“Milana Gəlinlik” butiklərinin, “W Space” kovörkinq mərkəzi və biznes kafesinin, həmçinin Wowoman qadın platformasının təsisçisidir.

Zara xanımdan hazırda oxuduğu, biznes və iş dünyasında olan xanımlara tövsiyə etmək istədiyi kitabları soruşduq.

  • Hazırda oxuduğunuz hansı kitabları xanımlarımıza tövsiyə edərdiniz?

“Həyat Eşqi, İrvinq Stoun: Çoxdandır bədii əsər oxumurdum, çox maraqlı əsərdir. İrvinq Stoun hadisələri Van Qoqun öz dilindən yazır, bioqrafik olsa da, yazıçının təxəyyülünün məhsulu olan hissələr də az deyil, ona görə bədii əsər hesab olunur. Bu cür dahi və böyük rəssamın, əslində çox da böyük olmayan həyatından bəhs edən əsər insanın ruhuna toxunur”.

İrvinq Stounun məşhur “Lust for life” Həyat Eşqi – romanı Van Qoqun bioqrafiyasına həsr olunub.

Tövsiyə edəcəyim ikinci kitab isə müəllifi Lynne Twist olan “the Soul of Money” – “Pulların Qəlbi” kitabıdır. Pulların maliyyə və iqtisadi cəhətdən deyil, bir enerji növü kimi idarəedilməsi haqqındadır. Kitab pula və həyata münasibətinizi, düşüncə tərzinizi dəyişməyə imkan verəcək. Müəllif Lynne bu kitabı yazmaq üçün dünyanın ən zəngin, həm də ən kasıb adamları, Dalay Lama və ya Tereza ana kimi şəxsiyyətlər ilə görüşüb, müxtəlif ölkələrdə pula münasibətin tarixi çalarlarını, mədəniyyət fərqlərini həm elmi, həm də praktik cəhətdən kitabda açmağa çalışıb.

“Əgər rəqabətə deyil əməkdaşlığa köklənsək, onda yer üzündə sərvətlərin hər kəs üçün lazım olandan daha çox olduğunu görərik”. 

Bu kitab sizə qıtlıq və günahkarlıq hissini, bolluq və azadlıq hissi ilə əvəz etməyə imkan verəcək.

“Measure What Matters” (Vacib Olanı Ölç) əfsanəvi vençur kapitalist John Doerr tərəfindən yazılıb. Google, Bono və Gates Foundation kimi şirkətlərin tətbiq etdiyi OKRs (Objectives and Key Results – Məqsədlər və Əsas Nəticələr) hədəfqoyma və əsas performans indikatorlarını ölçmə sisteminin nəhəng texnologiya şirkətlərinin əldə etdiyi inanılmaz böyüməyə necə kömək etdiyindən bəhs edir.

“Bu sistemlə hər bir biznesi daha effektiv şəkildə idarə etmək mümkündür. Kitabda sistemin Google-da yaradılmasından və necə tətbiq edilməsindən bəhs edilir. Siz onun texnologiya şirkətlərində necə istifadə olunmasını öyrənərək, öz şirkətinizdə və ya departamentinizdə tətbiq edə bilərsiniz”.  

Biznesdə olan xanımlar üçün oxunması vacib olan kitabdır.

“Bu iki kitabı isə yaxın zamanda oxumağı planlaşdırıram. Həyat yoldaşım oxuyub və bildirib ki, məndə mütləq oxuyum. İkimizdə inanırıq ki, süni intellekt müasir dövrün növbəti ən böyük tələbidir, necə deyirlər “The next big thing”. Kitablar olduqca maraqlı, relevant formada yazılıb. Biz öz balaca dünyamızda yaşayır, öz biznesimiz və layihələrimiz ilə məşğuluq. Çin, Silikon Vadisi və Yeni dünya nizamı haqqında oxumaq olduqca maraqlıdır. Çünki heç kəs bu sahənin 20 ildən sonra necə olacağını görə və təsəvvür edə bilmir. Amma ən azından indi baş verənlər və mövcud olanlari bilmək lazımdır.

  • Zara xanım, gündəlik mütaliəyə nə qədər vaxt ayırırsınız?

“Gündəlik nə qədər oxuduğumu dəqiq demək çətindir. Çünki kitab oxumaqdan daha çox, kitab dinləyirəm desək düzgün olar. Yolda və idmanla məşğul olanda audio şəklində, müxtəlif tətbiqlər vasitəsi ilə dinləyirəm. Ya da yatmazdan öncə kitab oxuyuram.

Bir ara özümdə çox gözəl bir vərdiş yaratmışdım. Hər səhər gözümü açandan sonra, su içib, yarım saat kitab oxuyurdum. Bu müddətdə telefona baxmamaq üçün telefonu öncədən başqa otağa qoyurdum. Xaricə gedib-gəlməyimlə bağlı olaraq rejim pozulub amma istəyirəm bu vərdişə geri qayıdım”

  • İllik və ya aylıq olaraq, kitab oxumaqla bağlı hədəflər qoyursunuz?

“İllik və aylıq kitab hədəfləri qoymuram, bir neçə il öncə cəhd etmişdim, heç vaxt alınmayıb. Belə bir təzyiq altına özümü salmaq istəmirəm ki, mütləq hansısa sayda kitab oxumalıyam.. Çoxlu maraqı kitablar ilə qarşılaşıram, tövsiyə edirlər, istifadə etdiyim tətbiqlərdə rastıma çıxır. Ona görə də öncədən siyahı və plan tutmuram. Mütaliəyə qarşı sevgi daha öncədən də olduğu üçün, bunu özümə hədəf qoymağa gərək qalmayıb”. 

View this post on Instagram

A post shared by Zara Huseynova (@zara.p.h) on

  • Bir kitab insan həyatını dəyişə bilərmi?

“Mən inanıram ki, hər bir kitabın özünəməxsus xüsusiyyəti vardır. Hər kəs özü üçün nəticə çıxarmalıdır. Eyni bir kitab onu kimin, hansı zamanda və hansı təcrübə ilə oxuduğundan asılı olaraq fərqli təəsürat yarada bilər. Həyatın müəyyən anında hansısa problemlər, bilik və ya arzular sizin zehninizdə olarkən bir kitabı heç bəyənməyə bilərsiniz, amma başqa bir anda və başqa bir şəxs üçün həmin kitab məhz lazımı təkan ola bilər. Əsas odur ki, sizə aid olanı tapasınız. Hər kəs, mən daxil, çox məsləhət verə bilərik. Əlbəttə, klassik, çox əla və çox bərbad kitablar da var. Amma 95% halda bu oxucudan asılıdır. Kitabı bəyənib-bəyənməyəcəyinizi bilmək üçün onu oxumağa başlamaq lazımdır.

Yəqin ki, dəyişə bilər. Düzdür, mənim həyatımda belə bir şey olmayıb ki, bir kitab həyatımı radikal şəkildə dəyişsin. Mənim üçün ən güclü kitablar hansısa formada fikirlərimi, düşüncələrimi az da olsa dəyişə bilən kitablardır ki, onları oxuyandan sonra ideya əldə edirsən, öyrənirsən və başqa cür düşünürsən”. 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa