Köşə yazıları

Zəhər tuluğu 3: Dəyişmək haqqını çox gördüyümüz qadınlar

Kin – Zəhər tuluğu 3 haqqında yazmaq istədim, son günlərdə videonun trend olması da bu qərarıma təsir etdi. Video ölkə səviyyəsində bir çox əhəmiyyətli mövzulara toxunsa da mən videoda məhz həyatı alınmamış qadın – Rəna obrazı haqqında danışacağam.

Zəhər Tuluğu 3

Mənə görə videonun uğur səbəblərindən biri də müəyyən qədər “Təhminə və Zaur” effektidir. Çünki taleyinin, öz səhvlərinin, ağılsızlığının, tamahının və ya digərlərinin ambisiyalarının, ehtiraslarının qurbanı olmuş, (əslində səbəbin nə olmasl önəmli deyil), içində az da olsa dəyişməyə, həyatlarına hər hansı bir şəkildə möcüzə girəcəyinə ümid edən qadınlar Azərbaycanda bir çox halda çox sərt müqavimətlə üzləşir. Cəmiyyətimiz çünki qeyd etdiyim digər filmdəki “Zaurun anası” xarakterli insanlardan daha boldur. Adil və Zaur kimi qəhrəmanlar isə qəlblərinin dərinliyində etdikləri səhvin fərqində olsalar belə, həyatda heç zaman cəsarətli olmağı bacarmırlar.

Çünki bizdə insanların “kişilik”, “mərdlik” anlayışları fərqlidir. Çünki insanın keçmişi bu günündən və gələciyindən daha önəmlidir. Çünki dəyişmək şansını belə qadınlara çox görməyimizdir. Qadın çox halda günahkar olan, şiddətə məruz qalan, təhdidə uğrayan, özünə qəsd edən, bədbəxt olan, bədbəxt yaşayıb da azadlığa doğru addım atmağa qorxandır.

“Pretty Woman” – xoşbəxt sonluq

Azərbaycandakı həyatının müəyyən gedişində səhvə yol verib və ya cinayətə uğrayıb, hətta öz istəyi, pul qazanmaq zərurəti ilə belə olsa bu yolu seçmiş qadınlar qəlblərinin dərinliklərində özləri üçün “Pretty Woman” sonluğu arzulayır. Amma unudular ki, olduqları cəmiyyətdəki digər qadınlardır məhz düşmənləri və öz qərarı, cəsarəti olmayan, ətrafının, dost tanışının, ana-atasının sözü ilə hərəkət edənlər ölkəsində yaşayırlar.

Sözüm isə yenə sizədir, əziz qadınlar. Çünki dəyişmək və dəyişdirmək sizin əlinizdədir. Çünki övladlarınızı qorxaq yetişdirməmək, oğlanlarınızı mərhəmətli və comərd, qızlarınızı cəsur böyütmək sizdən daha çox asılıdır.

Növbəti dəfə kimisə mühakimə edəndə, fikir yürüdəndə düşünün ki, əsas qayemiz həyatı daha xoşbəxt yaşamaq olmaqdır. Əgər bu dünyada hansısa əxlaqsız qadın belə, bir zəngin və ya bir kasıb, fərq etməz ailə qurub, xoşbəxtliyə can atıbsa, bu sadəcə ətrafımızda xoşbəxt insanların sayı artıb deməkdir.

Sözümün canı əsla xoşbəxtliyin  ailə qurmaqda olması fikrini aşılamaq deyil. Hər zaman təhsilə, özünü inkişafa, maddi və mənəvi müstəylliyə, öz ayaqlarınız üstdə dura bilməyə diqqət edin. Hər kəsin həyatını dəyişmə haqqı var. Gəlin bu haqqı onlara çox görməyək. Dediklərimizdə və davranışlarımızda daha diqqətli olaq.

Bu mövzuda çox öncələr də yazmışam:

Xosrov və Şirindən Təhminə və Zaura doğru

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa