Gözəllik

Yaşamları ilə ilham verən gerçəkdən güclü qadınlar

Gücü, özgüvəni, yaradıcılığı, şəfqəti və bir toxunuşu ilə hər şeyi daha da gözəlləşdirən və mənalandıran bütün qadınları salamlayırıq.

Tək arzumuz; dil, din, cinsiyyət, yaş və mövqe fərqi olmadan yaşadığımız hər an daha çox çiçək açaraq, bərabərlik içində, anlayışla, sevgi ilə çiyin-çiyinə bu dünyanı daha da xoşbəxt, ümid dolu və sülhün hökm sürdüyü bir yerə çevirməkdir!

Nike`in “Dream Crazier” videosundan çıxış edərək deyə bilərik ki, qarşımıza çıxan hər çətinliyin önündə daha çox “dəli olacaq”, ayaqlarımızı yerə daha möhkəm basacaq və daha çox yüksəyə tullanacayıq. Problem qarşısında yorulmadan öz potensialımızı kəşf edəcək, mövcud vəziyyətin və “bacarmayacaqsan” deyənlərin əksinə olaraq öz yolumuzdan dönməyəcəyik.

Güclü xarakteri ilə ilham verən minlərlə qadın arasından idman dünyasının 10 möhtəşəm qadın idmançısı haqqında sizlərə məlumat verəcəyik!

Serena Uilyams

3 yaşından etibarən tennis oynamağa başlayan Serena Uilyams, bugünə qədər 23 Grand Slam çempionluğu, təklikdə 1, cütlükdə 3 qızıl Olimpiyada medalı və qarışıq cütlüklərdə Wimbledon mükafatlarını qazanmışdır. 2017-ci ildə Steffi Qrafın rekordunu qıraraq açıq sahədə ən çox mükafat qazanan tennisçi adını qazanmışdır.
İdman karyerası və yaratdığı geyim markası ilə Essence jurnalı tərəfindən hazırlanan “50 İlhamverici Afro-Amerikan” siyahısında yer alan Uilyams, “Əgər çox çalışıb arzularınızdan möhkəm yapışsanız onda bütün xəyallarınız reallaşar” deyir.

Çelsi Verner

Çelsi Verner elə doğulan andan düşünürdülər ki, onun həyatı çox çətin keçəcək. Həkimlər daun sindromu ilə dünyaya gələn Çelsinin ailəsinə onun həyatı boyunca zəif əzələ tonusuna sahib olacağını demişdilər. Lakin, bu xəbər Çelsinin ailəsini onu gənc yaşlarından futbol, beyzbol, üzgüçülük və gimnastika kimi müxtəlif idman növlərinə yazdırmağa mane olmadı. Sonda gimnastikada dayandılar.

Gimnastika üzrə məşqçi Daun Pombo ilə çalışmağa başlayan Çelsi mübarizə aparmaqdan heç bir zaman yorulmadı. 4 Beynəlxalq çempionluq və xüsusi Olimpiyada oyunlarında qələbələrdən sonra Nyu York moda həftəsində belə modellik etmiş Çelsini yolundan döndərmək asan işə oxşamır.

Şahika Ərcümən

“Mənim üçün həyat ilk dəfə nəfəs alanda deyil, ilk dəfə nəfəsimi tutanda başladı” deyən Şahika 1998-ci ildən bu yana iştirak etdiyi sualtı idman yarışlarında 100-dən çox medal, mükafat və kubok qazanması ilə yanaşı 4 dünya rekordunun da sahibidir.

Sualtı rekordçu, sualtı xokkey oyunçusu və eyni zamanda da dietoloq olan Şahika Ərcümən, sonuncu dəfə Salda Gölündə 1 dəqiqə 58 saniyə ərzində 65 metrəyə qədər enərək dünya üzrə qadınlar arasında şirin suda sərbəst dalış üzrə rekord qırmışdır.

Terezina Qilyermina

2012-ci ildə Londonda baş tutmuş Paralimpiyadada qızıl medal qazanan Terezina, görmə qüsurlu bir qadın olaraq 100, 200 və 400 metrlik qaçışda dünya rekordunu qırmışdır.

Psixologiya məzunu olan Terezina idman karyerasında üzgüçülüyə başlayandan sonra əsl ehtirasının qaçış olduğunu kəşf etdi və 22 yaşından etibarən yaşadığı idman macərasında qaçmaqdan yorulmağa niyyətli kimi görünmür.

Namibiya Flores Rodrigez

1976-cı ildə Kubada anadan olan Namibiya Flores Rodrigez Kubanın haqqında ən çox danışılan idmançılarından biridir. Kubada qadınların idmanla məşğul olması qadağan edilsə də, küçə davası zaman Namibiyanın istedadı üzə çıxmışdır. “Çempion olduğumu və qadınların daha nələr edə biləcəyini bütün dünyaya göstərəcəm.” deyən Namibiya, boksun təkcə kişi idmanı olmadığını hamıya sübut etmək istəyir.

Lindsi Von

“Alp-downhill” kateqoriyasının əfsanə idmançısı Lindsi Von, yarışlar boyunca aldığı bütün zədələrə və reabilitasiya müddətinə baxmayaraq hesabında 82 Dünya Kuboku qələbəsi, 3 Olimpiyada medalı və 7 Dünya Çempionluğu medalı mövcuddur.

Təqaüdə çıxanda uğurlu idman karyerası ilə yanaşı sahibkarlıq və biznes ilə bağlı məqsədlərinə də nail olmaq istədiyini söyləyən Von, ona dəstək olan hər kəsə mübarizə aparmalarını və arzuları üçün heç vaxt ümidlərini itirməmələrini söyləyir.

Eymi Mallins

Eymi Mallins dizlərində fibula sümüklərinin inkişaf etməməsilə əlaqədar olaraq, 1 yaşında ayaqlarının dizdən aşağı hissəsini itirir. 19 il sonra, 1996-cı ildə protez ayaqlarla qaçaraq 100 metr, 200 metr və uzunluğa tullanma yarışlarında 3 dünya rekordunu qırmışdır.

Mallins beynəlxalq və milli yarışlarda çempion olmaqla yanaşı 1999-cu ildə Alexander McQueen`in dəfiləsində iştirak edərək model dünyasına da ilk addımlarını atmış oldu. L’Orealın reklam üzü olaraq People jurnalının “Dünyanın ən gözəl 50 insanı” siyahısında yer alan Mallins XX əsrin ən yaxşı Amerikalı qadını adına da layiq görülmüşdür.

İbtihac Məhəmməd

İbtihac Məhəmməd 2016-cı ildə Rioda keçirilən Olimpiyadaya hicab ilə qatılan ilk ABŞ qadın qılıncoynadan. Müsəlman və hicablı qadın olaraq həyatında qarşılaşdığı çətinliklərdən danışarkən qeyd edir:

“Uşaqlığımda insanlar mənə qaradərililərin və hətta müsəlmanların qılıncoynatma ilə məşğul ola bilməyəcəyini deyərdilər. Bu səbəblə də Amerikanı təkcə bir idmançı kimi deyil, fərqlilik və müxtəlifliklər ölkəsindən canlı bir nümunə olaraq təmsil etmək mənim üçün çox şey kəsb edir. Mədəniyyətlərin bir-birilə qaynayıb qarışmasına əngəl olan bütün maneələri aradan qaldırmaq istəyirəm.”

Ona hətta dini inancı ilə əlaqədar olaraq küçədə bomba partladıb-partlatmayacağı ilə əlaqədar suallar belə verənlər olub. İbtihac müsəlman qadınlarla bağlı bu kimi mühakimələrə meydan oxumağa davam edir.

Sümeyya Boyacı

Hələ 15 yaşında olarkən İrlandiyanın paytaxtı Dublində təşkil olunan Avropa çempionatında qadınlar arasında “S5 50 metr arxasıüstə” kateqoriyası üzrə final oyununda yarışan Sümeyya Boyacı 45.21 saniyəlik göstərici ilə Türkiyəyə bu növ üzrə ilk dəfə birincilik və qızıl medal gətirmişdir.

İki qolu olmadan və baldır sümüyü çıxıq olaraq dünyaya gələn Sümeyya balıqlardan ilham alaraq üzgüçülüklə məşğul olmağa başlamışdır. Üzgüçülüklə yanaşı rəsm çəkməkdə də çox istedadlı olan Sümeyya ayaqları ilə bir çox rəsm əsəri yaratmışdır. Ebru, tikiş və yemək bişirməyi sevən Sümeyya qeyd edir ki, “Heç vaxt təslim olmadım. Maneələri bir-bir keçdim”.

İpək Onaran

2002-ci ildən etibarən triatlon üzrə milli idmançı olaraq yarışan İpək Onaran, Şimali Amerika Çempionatında ilk İronman yarışında iştirak etdi və öz yaş qrupu üzrə II yerə çıxdı. 2018-ci ildə Havay adalarında təşkil olunan Ironman Dünya Çempionatında iştirak etmək üçün haqq qazanmışdır. O, bunu 4 il boyunca ard-arda etmiş ilk atletdir.
Qadın olaraq yaşamağın o qədər də asan olmadığı bir dünyada İpək Onaran həm dünyanın ən çətin yarışlarından birinə hazırlanır, həm də riyaziyyat üzrə dərslər verərək karyerasını davam etdirir.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa