Kitab

The Power of Habit- Vərdişin gücü

Why We Do What We Do in Life & Business – Biznes və həyatda etdiklərimizi niyə edirik

Özümdə yeni vərdişlər formalaşdırmaq üçün bu sahədə yazılmış ən faydalı kitablardan birini oxumağı hədəf qoymuşdum. Kitab çox saylı elmi araşdırmaya, real biznes keyslərə, ekspertlər ilə müsahibələrə və rəylərə əsasən yazılıb. Müəllif Charles Duhigg Əfqanıstanda müxbirlik edərkən, hərbi əməliyyatların keçirilməsində vərdişlərin nə qədər əhəmiyyətli olduğunu müşahidə edib. O bu müşahidələri bestsellərə çevrilmiş The Power of Habit kitabının girişində istifadə edib.

 3 hissədən ibarətdir, həm insanlarda, həm təşkilatlarda, həm də cəmiyyətlərdə formalaşan vərdişlərin təsir gücündən, yaranma formasından və onların necə dəyişilə biləcəyindən bəhs edir. Fikrimcə marketinq əhli üçün oxunması çox vacib olan bir kitabdır və kaş ki MBA vəsaiti kimi istifadə olunardı.  Kitabdan bəzi qeydlər: 

1. Davamlı dəyişiklik üçün vərdişlərimizi hədəfləməliyik. Araşdırmalara əsasən, gündəlik etdiklərimizin 40%-dən çoxu, verdiyimiz qərarların deyil, məhz vərdişlərin nəticəsidir. Vərdişlərimizi dəyişməklə həyatımızı dəyişə bilərik.

2. Vərdişləri yaratmaq asan deyil, onlar zəhmətlə formalaşır, amma yarandıqdan sonra çox adi hala çevrilir, onları yerinə yetirmək üçün xüsusi səy göstərməli olmursan, hətta bu vərdişi yerinə yetirmək sənə məmnunluq hissi verir. Yaddaşını itirən, hətta qısamüddətli yaddaşı zədələnmiş insanlar belə vərdiş formalaşdıra bilir, yaddaşları olmasa belə evlərinə qayıda bilir və ya evlərinin planını çəkə bilməsələr belə evdə hər şeyin yerini asanlıqla tapa bilirlər. Vərdişləri onları idarə edir.

3. Çox zaman vərdişlər bizim iznimiz olmadan yaranır, enerjiyə qənaət etmək üçün beynimiz vərdiş həlqəsi yaradır, bu isə davranışı işə salan tətiyə bənzəyir. Yəni vərdiş formalaşanda bir element hər zaman tətik rolunu oynayır, beyin ilk öncə ona diqqət yetirir, ardınca isə rutin hərəkət gəlir, əlbəttə bu rutin, mükafat olmadan qalıcı olmayacaq. Tətik, rutin, mükafat. 

4. “Həsrət” – vərdişin dartıcı qüvvəsi və bir çox reklam kampaniyasının uğurlu olmasının əsas təminatıdır.  Söhbət vərdiş həlqəsi formalaşandan sonra əldə edəcəyimiz mükafata çatmaq hissindən gedir, onu əldə edə bilməyəndə bu çox böyük bir diskomforta səbəb olur.

5. Vərdişlərin formalaşmasında  iradənin rolu böyükdür. İradə əzələ kimidir, yəni bəzən işdən sonra evə gələndə idman edə bilmiriksə, bu həmin gün artıq iradəmizi başqa nələrləsə yormağımıza bağlıdır. Əzələ kimi iradəni də məşq etdirmək, gücləndirmək olar.  

6. Hər hansı bir dəyişiklik doğru çərçivəyə saldıqda gerçəkləşə bilər. Bir vərdişin formalaşma rutinini dərk edin, onun məhz hansı  «həsrəti» doldurmağa çalışdığını anlayın. Bunu anladıqda rutini dəyişmək imkanınız olacaq. Məsələn Duhigg qeyd edir ki, günorta fasilələrində desert yemək üçün kafeyə gedir və xanımı da onun kökəlməsini tez-tez ehyam edir, amma o araşdırandan sonra anlayır ki, kafeyə onu aparan aclıq və ya şəkərə olan ehtiyac deyil, məhz sosiallaşmağa olan ehtiyacdır, sonra o bu vərdişi dostlarla söhbət və dostlarla çay içməklə əvəzləyir. 

7. Siz köhnə vərdişləri, rutinləri dəyişməklə yeniləri ilə əvəz edə bilərsiniz, yalnız inanmaq hissi sizi yeni vərdişlərə sadiq saxlaya bilər. 

8. Güclü keystone vərdişləri dəyişmək inanılmaz təsir gücünə malikdir. Vərdişlər yoluxucu xarakter daşıyır, siz bir neçə əsas vərdişi dəyişməklə  (məsələn şirniyyatı alma ilə dəyişmək) yerdə qalan həyat tərzinizə də təsir edirsiniz. 

9. Xırda müvəffəqiyyətlər böyük qələbələrin təməlini qurur. Məsələn hətta həftədə bir dəfə belə idman etməyə başlamaqla insanlar həm də yediklərinə diqqət edir, daha sağlam qidalanmağa başlayır. Və ya yediklərinin siyahısını tutan insanlar tədricən daha sağlam qida vərdişlərinə yiyələnir.

10. Şirkətdaxili vərdişlər bəzən rasional qərarlardan deyil, kütlə vərdişləri ilə formalaşır. İşlərin yerinə yetirilməsi üçün rutinlər vacibdir, amma bəzən hər kəs buna eyni dərəcədə can atmır və bu zaman toksik vərdişlər yaranır ki, bu da şirkətlərə böyük problemlərə, xətalara gətirib çıxarır. Krizislər təşkilati vərdişlərini yenidən dəyərləndirmək üçün ideal vaxtdır, çünki insanlar məhz böhran dövrlərində dəyişməyə ehtiyac olduğunu daha yaxşı görürlər. 

11. Yeni vərdişlər yaratmaq əvəzinə bəzən şirkətlər müştərilərin mövcud vərdişlərinin qeydiyyatını aparmaqla, yəni məlumat toplamaq sayəsində satışlarını daha çox böyüdə bilər. Kitabda Amerikanın Target adlı riteyl dükanlar şəbəkəsinin loyallıq kartları vasitəsi ilə yığdığı məlumatı necə təhlilindən bəhs edilir. Target hamiləliyini bildirməyən xanımlarda belə dəyişən alış-veriş vərdişləri sayəsində onların hamilə olduğunu müəyyən edə bilir. Daha sonra onlara müxtəlif kuponlar göndərir, lakin xanımlar özlərini izlənilirmiş kimi hiss etməsin deyə, həmin kuponların yanına digər təsadüf kuponlar da qoyulur. Bu araşdırma nəinki hansı alıcıların hamilə olmasını, həmçinin onların hamiləliyinin hansı dövrdə olmasını təxmin edir və faizlər üzrə qiymətləndirir.

12. Uzaq tanışlar bizə daha əməyiyyətli sosial məlumat verə bilər. Dostlarımızı nə qədər çox sevsək, onlarla nə qədər çox vaxt keçirtsək belə həyatımızda uzaq əlaqələr bəzən daha mühüm rol oynayır. Çünki dostlarımız ilə adətən eyni informasiya mühitini paylaşırıq, məsələn dostumuz hansısa yeni iş imkanını bizim nəzərimizə çatdırana qədər, biz çox vaxt həmin informasiyaya yiyələnmiş oluruq. Uzaq əlaqələrimiz isə bizim çıxışımız olmayan informasiyaya daha yaxın olurlar.

Bununla yanaşı kitabda cəmiyyətdə formalaşan vərdişlərdən və onlar insanların qərarlarına təsir gücündən, sosial vərdişlərin əhəmiyyətindən də bəhs olunub. 

Kitabı bu sadalanan nüanslar ilə yekunlaşdırmaq olmaz əlbəttə ki. Biznes, marketinq və satış sahəsində çalışan hər kəsə oxumağı tövsiyə edirəm. 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa