Gözəllik

Tanqo – hisslərin sizi ram etdiyi rəqs

Müəllif: Nigar Rahmanova

O, təmizliyi və çirkinliyi ilə birlikdə eşqin, ehtirasın, həssaslığın və sərtliyin təcəssümüdür. Yaşadığımız bütün hisslər tam çılpaqlığı ilə beynimizdən bədənimizə axır sanki… Bəzən asta, bəzən sərt, bəzən gözlənilməz siqnallarla idarə edir bədəni… O tanqodur… Sevginin, xəyanətin, xoşbəxtliyin, nifrətin və kədərin eyni andakı çıxışıdır… Bəzən acımasızdır, bəzən də bağışlayan…

Bu cazibədar rəqsin dəqiq kökənini müəyyən etmək biraz çətin məsələdir. Nəzərə alsaq ki yarandığı ilk dövrlərdə incəsənət aləminin bir o qədər də marağında olmayıb,  yaranmasına dair dəqiq məlumatları tapmaq çətindir tanqonun…

Dünya müsiqinində vals və polkadan sonra 3 –cü rəqsdir ki, iki cinsin vücudən yaxınlığını nümayiş etdirir tanqo.

Ehtirasın göstəricisi olan bu rəqsin Argentinada yarandığı hesab edilir. İlkin olaraq kasıb təbəqə arasında formalaşmağa başlayır. İlk dəfə 1857-ci ildə Argentinada bəstələnən, “Toma maté, ché””adlı, tanqoya bənzədilən bir musiqidən əsas götürdüyü hesab edilir. “Tanqo” sözünü hazırda “Əndəlus Tanqosu” adlandırılan ispan musiqi növü ilə də əlaqələndirənlər var.

Maraqlıdır ki, “tanqo” sözünün İspaniyada yaşayan Afrika miqrantları tərəfindən yaradıldığına dair də nəzəriyyələr var. Hesab edilir ki, afrikalılar özlərinə məxsus musiqi alətinə (nağara, təbil)  aid tanrılarının adını ispan dilində nağara musiqi alətinin adı ilə (“tambor”) birləşdiriblər. Lakin bu, bir musiqi olaraq tanqonun Afrika immiqrantları tərəfindən yaradıldığını da isbat etmir. Çünki cütlük rəqsləri ilk dəfə Avropada formalaşıb. Ola bilər ki, Afrika immiqrantları da digər immiqrantlar kimi Buenos Ayresdə formalaşan bu rəqsin inkişafına sadəcə öz töhvələrini vermişlər.

“Tangere” – latın dilində “toxunmaq” mənasını ifadə edən sözdən də qaynaqlandığı hesab edilir tanqonun. Bir-birinə yaxınlaşan bədənlər hisslərin tələbini yerinə yetirən iki çarəsiz fiqurdur sanki… Kişi  sol əlinə qadının sağ əlini alır və öz sağ əlini də onun belinə qoyur. Budur, rəqs başladı: hisslərin mübarizəsi…

İmmiqrantların Argentinada hədsiz çox olduğu dönəm… Öz torpaqlarını, ailələrini, qadınlarını qoyub gəlmiş çoxlu sayda kişi və bu sayın qarşısında azlıq təşkil edən qadınlar. Fahişəliyin yayıldığı şərait… Kişiləri yeraltı dünyaya – barlara sövq edən qüvvə… Eşqi, ehtirası tərənnüm edən – qırmızı geyimli cazibədar qadınlar və qadına toxunmaq “aclığı” çəkən kişilər… Tanqonun formalaşdlğı dövrə aid fikirlərdən biri də budur.

İmmiqrantlar arasında öz məşhurluğunu qazanan və formalaşan bu musiqinin fəlsəfi və texniki baxımından dərinliyinə endikdə, şəxsiyyət problemi, özünü təsdiq, identifikasiya məsələləri ilə bağlılığının olduğunu hesab edənlər də var. Şəxsi azadlığını, mənliyini təsdiq istəyi…

Bir qadın uğruna mübarizə aparan iki kişinin rəqsi.. Sərt, mübarizkar və məhvedici.. Ehtimallardan birinə görə də tanqo ilkin dönəmlərdə qadın və kişi arasında deyil, məhz iki kişi arasında rəqs olub… Qırmızı geyimli o qadını əldə etmək istəyi, şiddətli həvəs…

20-ci əsrdən başlayaraq artıq tanqo öz sərhədlərini Buenos Ayresdən aşaraq, Parisə və digər Avropa şəhərlərinə qədər yaya bilir. Artıq əvvəlki dönəmdən fərqli olaraq, əxlaqsızlığın və yüngül təbəqənin təbliği hesab edilməyərək, orta və yuxarı təbəqə arasında hörmət qazanmağa başlayır tanqo. Bu gün zövqün, yüksək mədəni qabiliyyətin imzasıdır o…

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa