Həyat tərzi

Sağlam həyat və gözəl vücud üçün FİTNESSİN FAYDALARI

Günümüzdə oturaq işdə çalışan, fiziki baxımdan aktiv olmayan insanların sayı durmadan artmaqdadır. Bu da insan orqanizminin hərəkətsiz qalması ilə əlavə çəki qazanmasına, eləcə də bir sıra sağlamlıq problemlərinin ortaya çıxmasına səbəb olur.

Sağlam həyat sürmək və bədəni formada saxlamaq üçün həyata keçirilən önəmli idman növlərindən biri də fitnessdir.

Bəs fitnessin hansı faydaları var?

Tanınmış fitness mütəxəssisi Dünyamalıyeva Tünzalə bu idman növü ilə maraqlananlar üçün fitnessin insan orqanizminə faydalarını sadaladı. Birgə nəzər salaq:

Fitness istədiyiniz çəkiyə sahib olmanıza kömək edir

Formada qalmaq və həmçinin çəki itirmək istəyən şəxslər üçün doğru qidalanma vərdişi qədər idmanla məşğul olmaq da önəmlidir. Bu zaman köməyinizə fitness çata bilər. Sağlam şəkildə arıqlamaq və ya formaya düşmək üçün fitnessin rolu bənzərsizdir. Özəlliklə daha öncə idmanla məşğul olmayan şəxslərin fitnessə başlayarkən peşəkar yardımından istifadə etməsi önəmlidir. Çünki yanlış həyata keçirilən məşqlər çəki itirmənin qarşısını ala və ya orqanizmdə fəsadlara yol aça bilər. Buna görə də mütəxəssisin təyin etdiyi proqram ilə məşqlərə başlamaq daha əlverişlidir.

Qeyd edək ki, fitnessin köməyi ilə nəinki arıqlamaq, həmçinin çəki qazanmaq mümkündür. Belə ki, çəkisini artırmaqda çətinlik çəkənlər, həddən çox arıq olmasından şikayət edənlər fitness ilə məşğul olduqda və mütəxəssisin təklif etdiyi qida proqramına əməl etdikdə ideal çəkiyə qovuşa biləcəklər.

View this post on Instagram

A post shared by Tünzalə Dünyamalıyeva (@tunzale_fitness_trainer) on

Fitness zehninizi gücləndirir

Fitnessin yalnız fiziki deyil zehni faydaları da mövcuddur. Fitnes zehni açıq saxlamağa kömək edərək və beyində xoşbəxtlik hormonu kimi tanınan serotonini artırır. Mütəxəssislər fitnesslə məşğul olanlar ilə olmayanlar arasında iş performansında da fərqlərin olduğunu vurğulayır. Belə ki, məşq edənlərin çalışma zamanı zehni olaraq faydadılıq əmsalı digərlərindən daha çox olur.

Enerjini artırır

Fitness məşqləri orqanizmdə endorfin hormonunun ifrazını sürətləndirir. Bu da gün ərzində həmin şəxslərin daha enerjili olmasına və özünü daha az yorğun hiss etməsinə səbəb olur.

Fitness stressin azalmasına səbəb olur

Fitness insanların mənəvi baxımdan sağlamlığına da müsbət təsir göstərir. Belə ki, müntəzəm məşqlər stressin yaratdığı gərginliklərdən xilas olmaq və stressi azaltmaq üçün ən təsirli üsullardan biridir. Bir sıra psixoloqlar pasientlərinə müntəzəm olaraq fitness ilə məşğul olmağı məsləhət görür. Bundan əlavə, fitness insan ruhunun sakitləşməsi və depressiyanın azalması baxımından da önəmli təsirə malikdir. Bu yolla əldə olunan ruhi sakitlik insanların sosial həyata adaptasiyasını da artırır.

Xəstəliklərin qarşısını alır

Tədqiqatlar müntəzəm fitnesslə məşğul olanlarda ürək narahatlıqlarının, iflicin, təzyiqin, həddindən artıq xolesterolun, diabetin, sümük əriməsinin və əzələ itkisinin qarşısının alındığını sübut edir. Həmçinin fitness yaşlanmanı ləngidir, əzələ və oynaqları gücləndirərək gələcəkdə ortaya çıxa biləcək ağrıların qarşısını alır. Mütəmadi məşqlərlə immunitetinizi gücləndirə və xəstəliklərlə daha az üzləşə bilərsiniz.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa