Gözəllik

“Məni keçməyəcək, sadəcə öz yerini tutacaq” – Ramilə Şamilova

Uğur və gəlir sevdiyin işi biznesə çevirdiyin andan başlayır. Bu isə ilk olaraq insanın daxilində gizlidir. Onu aşkar etmək isə insanın özündən və ailəsindən asılıdır.

1Lady.az portalının növbəti müsahibi, istedadını gəlirə çevirərək müvəffəqiyyət qazanan, rəssam-dizayner, LèRami Art Studionun yaradıcısı və nəhayət gözəl xanım Ramilə Şamilovadır. 

  • Salam Ramilə xanım, ilk öncə müsahibə imkanına görə təşəkkür edirəm. Mümkünsə qısaca özünüzü təqdim edin.

Şamilova Ramilə 1990 -cı il. Əzim Əzimzadə adına rəssamlıq kolleci, Azerbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmişəm, E.N.M. Psychology and Consulting Centerdə art terapiya masterklass keçmişəm. 4 illik, pedaqoq fəaliyyətim var. 20-dən çox sərginin iştirakçısı olmuşam.

  • Uğurlu rəssam, müəllim və ya qrafik dizayner, hansı sizə daha yaxındır?

Hələki sərginin işlərini heç bir yerdə paylaşmadığım üçün rahat hansısa cümləni istifadə edə bilmirəm. Müəllimlik fəaliyyətim isə çox xüsusi olmasa da əhəmiyyətlidir. Mən bildiklərimi başqa insanlarla bölüşürəm, hiss edirəm ki, bu istənilən yaşda olan insanların xoşuna gəlir.

  • İlk dəfə sizin Sofar üçün hazırladığınız bir poster diqqətimi çox çəkmişdi, bu cür işlər necə yaranır?

Düşünürdüm ki, Sofar beynəlxalq konsertlər olduğu üçün eksprimentlər aparmaq olar və elə də oldu. İşlədiyim posterlərdə müxtəlif mövzulara toxuna bildim. Xüsusilə Azərbaycan adət – ənənəsini göstərən “Sıx olan köhnə qonşuluqlar”, “Adəm və Həvva müsiqidə”, “Teatr musiqisi və ekstaz”. Yaranması isə 2 hissədən ibarətdir: yaradıcı və texniki yön. Bir neçə gün ideya haqqında düşünülür, sonra kağıza ideyaları çəkilir, bir neçə eskizdən sonra yekun versiya kompüterdə qrafik planşetdə işlənilir.

  • Rəsmlə musiqi nə qədər yaxındır sizcə? İşləyərkən dinlədiyiniz musiqi növü hansıdır?

Düşünürəm ki, daha dərini hiss etmək üçün musiqi əsas köməkçidir. Jazzı sevirəm, bu Ella Fitzgerald olanda ilham verici olur, Bill Evans olanda bu hiss biraz daha yüksəlir. Tələbəlik illərimdə isə klassikanı və akustik “cover”ləri daha çox sevirdim. Bu, insanın dövrünə görə dəyişə bilən olsa da, hər bir halda hiss edərək dinləməyəndə xüsusi aurası olmur. Louis Armstrongun belə gözəl sitatı var idi:

Musiqini, jazzı daxilinizə salmasanız heç vaxt partlaya bilməyəcəksiniz”

Ramilə Şamilova

  • İlk dəfə istedadınızı necə kəşf etdiniz və ya kim kəşf etdi?

11-12 yaşlarında idim və çox tez-tez rəsmlər çəkirdim. Nənəm hiss etdi ki, istedad ola bilər və elə o vaxt özü məni hazırlığa apardı.

  • Bu  sənətdə olmaq uşaqlıqdan gələn həvəsin və ya düzgün istiqamətləndirmənin nəticəsidir?

Hər ikisi. Mənim üçün vacib olan qərarda nənəm kömək etmişdi. Əsas məsələ mən bu sənəti seçəndə qərarsız deyildim, bunu bacardığımı hiss etdiyim anda bu mənəm dedim. Zaman-zaman insanlardan tamamən uzaqlaşdığımı hiss edəndə özüm fasilələr vermişəm (şüurlu olaraq). Eyforiyaya qapılıb həyatımı ancaq sənətə verməmək üçün. Həmişə həm gözəl ailəm, həm də gözəl sənətim olmağını istədiyim üçün. Deyirlər bu çətindir, amma mənə az sayda olan gözəl ailələr stimul verib. Buna inandığım üçün bunu da yaşayıram.

  • LèRami Art Studio necə yarandı? Bu biznesi qurmaq çoxmu çətin oldu?

LèRami, studio olmamışdan əvvəl 2016-cı ildə ilk dəfə bir səhifə kimi yarandı. İlk vaxtlar niyyətim o səhifədə işlərimi paylaşıb satmaq idi. Vəziyyət elə gətirdi ki, mən “Passage”da yer götürəsi oldum, gələn tələbələri paylaşmağa başladım və beləliklə aktivlik artdı. Biznes tərəfi çətin olmayıb, maddi tərəfdən 50% evdən, 50% özüm etmişəm. Belə şeylərdə biraz təcrübəmin olmağı rahat hərəkət etməyimə kömək oldu. Az pula daha çox şey edirdim, böyük pul aparanları isə atamla biryerdə hazırlayırdım. Bəzən deyirlər əsas istəməkdi. Şablon kimi olsa da, bəli əsas istəməkdir, yollar özü qurulur. Sonralar isə səhifəni insanlara faydalı olacaq tərəfə yönlətmək qərarına gəldim. Axı niyə LèRamini izləsinlər? Art-testlər, məlumatlar xarakterli postlar, muzeylər və kitablardan yazmağa başladım və bu tip postların insanların xoşuna gəlir.

  • Sizcə, bu sənətə başlamaq üçün ideal yaş həddi hansıdır? Hazırda sizə müraciət edənlər ən çox hansı yaş qrupundadır?

İdeal yaş həddi deməzdim, nə qədər tez, o qədər baza deyərdim. Bu sahədə “əlin açılsın” deyə bir söz var. Nə qədər çox çəksən, bu sənin karandaşla olan münasibətinə təsir edəcək, başqaları karandaş tutmağı öyrənəndə, sən isə kompazisiyalar, ölçülər, rənglər və işıq kölgəni öyrənəcəksən.

Tez başlamaq bütün mərhələləri tez keçmək deməkdir.

  • Tələbələrin rəsmə ya dizayna marağı daha çoxdur? Hansından başlamaq daha düzgündür?  

Dizayn rəssamlığın bir qoludur. Siz bunun təhsilini alanda mütləq rəssamlığı da öyrənirsiz. İxtisas olaraq soruşursunuzsa, bəli, hazırda seçilən ixtisaslardandır. Bu il dizayn ixtisasına bir tələbəm daxil oldu. Hazırda isə 2020-ci il üçün 4 tələbəmlə hazırlaşırıq.

  • İnsanlar rəsmi/dizaynı daxili tələbatı, həvəsi qarşılamaq üçün öyrənir ya iş bazarında tələb yüksəkdir?

Rəssamlıq daxili təlabatdır, dizayn isə sənin gələcəkdə kim olmaq istədiyinə kömək edən seçim. Dizayn ixtisasları başqa universitetlərdə  var, onlar demək olar ki, bunu tamam başqa, rəssamlığa aiddiyatı olmayan zəif formada təqdim edirlər, amma bu sırf rəssamlığın içindən keçən ixtisasdır. Deyək ki, mən girdim akademiyaya istədim rəngkar olmaq, siz də dizayner olmaq istədiniz. Biz hər ikimiz hər gün saat 9 dan 1 ə kimi –  siz naturmort və az sayda natura (insan) çəkirsiniz mən isə ancaq natura(insan). Mən daha çox rənglər, formaları kətan üzərində işləyirəm, siz isə kətanda çox az, ancaq dizayn kompazisiyaları üzərində daha çox işləyirsiniz. Bu rəssamlığın daxilində seçimdir, tamam ayrı anlayışlar deyil. Təlabat isə dizayn dünyada ən gəlirli sahələrdən biri hesab olunduğu üçün ola bilər.

  • İndiyə kimi ən uğurlu sənət əsəriniz hansı olub?

Hər bir rəssam öz üslubunu müxtəlif zamanlarda tapa bilir. Mən də bunu dərk edib məni ifadə edən üslubu tapmağa çalışdım və onu kəşf etdim. Bu hər bir rəssam üçün vacib olan xüsusi hisslərdəndir.

Deyirlər xoşbəxtlik bir keçmişi xatırlayanda olur bir də məqsədə gedən yolda.

O an sən tamamlandığını hiss edirsən və bir anda sənə özündən razılıq, özünü tərif etmək kimi hisslər gəlir. Yaxın zamanlarda baş tutacaq sərgimdə mənim üslubum və əsərlərimlə tanış olacaqsınız. Əminəm ki, bu Azərbaycan rəngkarlığında xüsusi yer tutacaq.

  • Hansısa tələbənizin gələcəkdə sizdən daha yaxşı olacağına inanırsınızmı ya hər zaman müəllimə üstündür?

Hər şey zəhmətin qarşılığıdır. Mənim çox yaxşı qabilliyətim ola bilər və mən özümü inkişaf etdirməsəm bu sahədə istedadı olmayan birindən fərqim olmayacaq. Bunu zaman göstərəcək. Kim daha çox öz üzərində işlədi, o da qabağa gedəcək.

Məni keçməyəcək, sadəcə öz yerini tutacaq. Bu sənətdə kimisə keçmək yoxdur, öz üslubunu tapıb tək olmaq var.

  • Bildiyimiz qədərilə həyat yoldaşınız ən böyük dəstəkçinizdir. Bir qadının uğurunda düzgün tərəf müqabilinin seçimi və rolu nə dərəcədə önəmlidir?

Rəsul Həsən və Ramilə Şamilova

Doğrudur! Mən sənətimin artıq çox da inkişafa getmədiyini düşündüyüm an o mənə güc verdi və hər şey olduğundan çox yüksəklərə qalxmağa başladı. Xüsusilə iş strategiyası qurmağa. Nə deyim hər şeyə kömək edir. Mənim üçün həm dost, həm sevgili, həm də həyatımın ən özəl yoldaşıdı. Onunla həyat tam ayrı gözəldir. Müqayisəsizdir, necə uşaqlıq ailəm, elə də öz ailəm. Hər bir qadına mənəvi dəstək olan həyat yoldaşı yaraşır və hər qadında bunu özünə yaraşdırmağı istəməlidir.

“Məni keçməyəcək, sadəcə öz yerini tutacaq” – Ramilə Şamilova
Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa