Şəxsi İnkişaf

İnciklik hissinin xronikiləşdiyi nöqtə: Qurban psixologiyası

Həyatda hamı müəyyən anlarda inciklik hissi keçirə bilər, lakin əgər bu hiss mütəmadi olaraq və uzunmüddət mövcud olursa, onda buna qurban psixologiyası deyirlər. 

Bu psixologiyadakı insan daima öz taleyindən və bəxtindən şikayət edir. Həyatında baş verən neqativ hadisələrə görə başqalarını günahkar hesab etməyə meylli olurlar. 

Bu perioddan keçən insan çox ehtimal ki, özünü daima qurban rolunda gördüyünün və həmişə əzilən tərəfdə qalmağı üstün tuttduğunun fərqinə vara bilməyəcək. Amma bir dəfə olsun, bunun fərqinə varsa, onda onu çox böyük dəyişikliklər və inkişaf gözləyəcək. 

Bəs qurban psixologiyası necə yaranır?

  1. Müşahidə

Təbii ki, insanlar bu psixologiya ilə anadan olmurlar, sonradan öyrənirlər. Təsəvvür edin ki, bir uşaq daima ətrafındakı insanları ittiham edən valideynlərlə böyüyür, evdə həmişə  “həyatın ədalətli olmadığı” deyilir və ya kiçik bir problem zamanı taleyə lənət oxunulur. Bu uşağın yetkinlik yaşına çatanda valideynləri kimi özünü qurban roluna soxması heç də təəccüblü gəlməməlidir. Çünki görüb-götürdüyü bu, olmuşdur. 

  1. Yetərsizlik hissi

Digər bir ehtimal isə uşağı əhatə edən insanlar tərəfindən onun güclü olmadığına dair hisslərin aşılanmasıdır. Zaman keçdikcə, uşaq da özünün kifayət qədər gücə sahib olmadığına inanır və həyatda seçimlər etməyən, seçimləri başqalarına buraxan və bununla da başqalarının seçimlərinə əsasən yaşadığına görə özünü incidilmiş hiss edir. 

Səhv etməkdən o qədər qorxurlar ki, hərəkətə keçməz və seçim etməkdən boyun qaçırarlar. Həmişə digərlərinin gəlib işləri qaydasına salmasını və onu xilas etməsini gözləyərlər. 

Qurban psixologiyasının öhdəsindən gəlmək mümkündür!

Qurban psixologiyası

Qurban psixologiyası

Təbii ki, ən önəmli şey bunun fərqinə varmaqdır! İnsan fərqinə varmalıdır ki, o seçimləri həmişə başqasına buraxır. Bunun fərqinə vardıqda, yavaş-yavaş passiv mövqedən aktiv mövqeyə keçə bilmək üçün səy göstərməyə çalışacaq.

İlk olaraq kiçik qərarlar, sonradan isə təkbaşına daha böyük qərarlar qəbul edə biləcək. Özü qərar verən insan başqalarını günahlandırmağı da kənara qoyar və “Bunu mən seçmişəm!” deyə bilər. 

Başqa bir əhəmiyyətli məsələ isə insanın öz gücünü kəşf edə bilməsidir. Uşaqkən ətrafındakı insanlar tərəfindən gücsüz hiss etdirilsə də, yetkinlik yaşında özünə baxanda güclü tərəflərini görməklə bu hissdən azad ola bilər. 

İnsan güclü tərəflərini müəyyən etdikdə nisbətən zəif yönlərini də tapmış olur, bununla da özünü daha yaxşı tanımağa başlayar və limitlərini müəyyən edər. Əslində qısaca desək, həyatın sükanını öz əlinə alar və onu xilas edən birini gözləməkdən əl çəkər. 

Bununla yanaşı, anı yaşamaq lazım olduğunun əhəmiyyətini başa düşməliyik. Belə ki, əgər sizi incidən bir hadisə baş vermiş olarsa, onda bu hadisəyə ilişib qalmamağa çalışın. Mütəmadi olaraq eyni şeyi düşünsək, onda bu psixologiyaya düşmüş olacağıq. Nə keçmişi, nə də gələcəyi, anı yaşamaq lazımdır!

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa