Kitab

Oktyabr ayı üçün 4 maraqlı kitab tövsiyəsi

Payız ayları mütaliə üçün ən ideal mövsümdür, bu həm yeni dərs ilinin başlanması, həm də havaların soyuması ilə insanların daha qapalı məkanlara çəkilməsi ilə bağlıdır. 

Zamanı düzgün idarə edə biləsiniz, bir ay ərzində 4 kitab oxuya biləcəyinizi sizə daha öncəki yazılarda da bildirmişdik. Ənənəyə sadiq qalaraq, sizə Oktyabr ayında sevərək oxuyacağınız, dörd, fərqli və maraqlı kitabı təqdim edirik.

1. Özünü qiymətləndirmənin 6 prinsipi – Natanial Brenden

Qiymət: 14 AZN

Oktyabra özünüzü qiymətləndirmə ilə başlayın, bu kitab indiyə qədər yaşadıqlarınıza və nailiyyətlərinizə güzgü tutmağa kömək edəcək. Özünü qiymətləndirmə sadəcə bir ideya və ya əldə olunan nəticə deyil, davamlı proses, sizin əsl dəyərlərinizə xitab edən fəaliyyətlər toplusudur.

Nataniel Brenden “Özünüqiymətləndirmənin 6 prinsipi” əsərində həyatı boyu apardığı klinik və təcrübi tədqiqatların son nailiyyətlərini təqdim edir. Insanı öz arxasınca aparan bu təsirli kitabda o, bizim psixoloji sağlamlıq, şəxsi uğur və pozitiv münasibət axtarışlarımızda özünüqiymətləndirmənin əhəmiyyətini çox gözəl nümayiş etdirir.

2. Elə həmin Elis – Layza Cenova 

Qiymət: 7.5 AZN

Erkən Altsheymer xəstəliyinə yaxalanmış bir insanın təsirli və parlaq həyatının təsviri olan bu valehedici, eyni zamanda vahiməli süjetə malik “Elə həmin Elis” romanı “Ağılın oyunları” romanı qədər maraqlı, “Adi adamlar” əsəri qədər unudulmazdır.

“Mən özüm üçün darıxıram…” Layza Cenovanın “Elə həmin Elis” kitabının sonlarına yaxın oxuduğum bu cümlə bütün əsərin ruhunu açırdı sanki. Altsheymer xəstəliyinə tutulan uğurlu bir elm adamının günbəgün yaşadıqları, itkiləri, iztirabları… Günbəgün itirirdi yaddaşını, yaşadıqlarını, xatirələrini…” – Sevinc Telmanqızı

3. Sən həyatını yaxşılaşdıra bilərsən – Luiza Hey 

Qiymət: 9.80 AZN

Həyatımızı hər an daha yaxşıya doğru dəyişə biləcəyimizə inanmalıyıq. Luiza Hey hesab edir ki, “Özünü sevmək, edə biləcəyimiz ən güclü şeydir. Düşündüyün və danışdığın hər bir şey kainata gedir və dəfələrlə artmış şəkildə sənə qayıdır”.  “Əgər siz “Sən həyatını yaxşılaşdıra bilərsən” kitabında verilən çalışmaları qarşınıza çıxdıqca yerinə yetirsəniz, kitabı hələ oxuyub qurtarmamış həyatınızı dəyişməyə başlayacaqsınız” – Luiza Hey

“Bu, hər kəsin həyatını dəyişə bilən, hər kəsdə özünə hörmət və sevgi yaradan dəyərli bir kitabdır” – Berni Sicel, M.D

4. Parıltı – Stiven Kinq

Qiymət: 13 AZN

Oktyabrın sonuna doğru, “Halloween” ərəfəsində, həyatmıza bir az qorxu, bir az da mistika qatmağa dəyər, ona görə də siyahımıza qorxu kitabı daxil etdik.

“Parıltı” ilk dəfə 1977-ci ildə dərc olunub, məhz bu kitabla Stiven Kinq qorxu janrında öz adını möhkəmlətmiş oldu, kitab həm də Kinqin bestsellerə çevrilən ilk bərk-cildi əsəri idi.

Romanın ideyası Kinqə, Kolorado səfəri zamanı, “Stenli” otelində gecələdiyi zaman gördüyü yuxuda gəlib. Kabusda Kinq oğlunu otelin dəhlizində fövqəladi güclərdən qaçarkən görür. Əsəri yazmaqla yazıçı neqativ enerjidən və onu izləyən, öz övladlarına qarşı zorakılıq tətbiqi hissindən qurtulmağa çalışıb.  

Əsərdə hadisələr keçmiş alkoqol aludəçisi və yaradıcılığa can atan yazıçı Cek Torransın ətrafında cərəyan edir. Keçmiş alkoqolik Cek Torans həyat yoldaşı və 5 yaşlı oğlu Danile ilə ucqar dağ kurortuna – dəbdəbəli “Overluk” otelinə gedir. Torans həmin oteldə qış mövsümündə mühafiz işinə düzəlib və ilin yarısı boyunca ətrafdan təcrid olunan mehmanxanadakı yeni işinə ailəsi ilə münasibətləri qaydaya salmaq, həm də bədii yaradıcılıqla məşğul olmaq üçün əlverişli fürsət kimi baxır. Amma tezliklə otelin vahiməli və qaranlıq tərəfləri onun rahatlığını əlindən alır. Ailənin bu kabus tələsindən çıxa bilib-bilməyəcəyi çox mənada balaca Denielin telepat qabiliyyətlərindən asılıdır. Əfsus ki, anası ilə atası uşağın bu üstünlüyündən xəbərsizdir…

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa