Köşə yazıları

Nigar Rahmanova: “Niyə xoşbəxt ola bilmirik?”

Uşaq vaxtı həmişə anamın hündürdaban ayaqqabılarını geyinirdim. Geyinib oynayırdım, xəyalən yaşım 20-25 olurdu, oxuyurdum, sonra işləyirdim… Öz beynimdə yaratmaq istədiyim dünyanı o qədər dəqiq təsəvvür edirdim ki, elə bil olacağına əmin idim… Sonra ssenarilər dəyişirdi, amma mənim həyatdan gözləntilərim dəyişmirdi… Bir gün mütləq böyüyüb güclü bir qadın olacağımdan çox əmin idim… Həyatdan gözləntilərim böyük idi. 

Oldu da… Böyüdüm və xəyallarımdakı o qadın obrazını yavaş-yavaş reallaşdırmağa başladım. Amma bir şey, sadəcə xırda bir detalı qaçırmışdım, deyəsən… O da elə gözləntilər idi…

Və gözləntilərə bağlı xoşbəxtlik hissi…

Çox adam bu sualı öz-özünə vermiş ola bilər. Axı mən niyə xoşbəxt ola bilmirəm? 

Elm deyir ki, bizim əhvalımız təkcə başımıza gələn hadisələr deyil, həm də gələcəyə dair gözləntilərimizdən asılıdır. Biz insanlar həyatımız boyu daima nəyinsə mübarizəsini aparırıq. Yaxşı təhsil almaq istəyirik, işdə özümüzü təsdiq etmək, karyerada yüksəlmək istəyirik, ya da həyatımızın sevgisini tapmaq, qazanmaq istəyirik. Amma heç də həmişə bu mübarizələrdə qalib gələ gəlmirik. Bəzən uğursuzluqla qarşılaşır və ya böyük ümidlərlə gözlədiyimiz nəyinsə olmayacağını anlayırıq. Gözləntilərimiz özünü doğrultmayanda üzülürük. Elə bil xəyallarında quş olub yüksəklərə uçursan, reallıq isə göstərir ki, heç sənin qanadların da yox imiş…

Amma bir şeyi unuduruq ki, həyatda qorxu da, təhlükə də, üzuntü də, çətinlik də qaçılmazdır. 

Bəzi kitablar da deyir ki, həyat sənin gözləntilərindən asılıdır. Nəyi çox istəsən, nəyi gözləsən, bu, mütləq olacaq. Həyat isə başqa şeyi dedi. Zamanla anladım ki, istədiklərimiz az və ya çoxluq dərəcəsindən asılı olmayaraq, olacaq, ya da olmayacaq. Zamanla anladım ki, bəzi məqamlarda sənin nəyisə çox istəyib-istəmədiyin önəmli deyil. 

Beynimizi yeyən “oldular” və “olmadılar” var. Məsələ, onlarla mübarizə aparmaqda deyil, məsələ sadəcə onları qəbul edə bilməkdədir. Dəyərlər müxtəlifdir. Hər kəsdə də ayrı paylaşılmışdır. Kimin üçünsə dəyərlər daha böyük məna kəsb edir. Lakin önəmli olan balaca uşaq kimi həyatla inadlaşmaq deyil bəzən. Dəyərlər sənindir və sənin olaraq da qalacaq. Məsələ həyatı o gözləntilərə bağlamamaqda, “oldu” və “olmadı”ları qəbul edib, xoşbəxt ola bilməkdədir. 

Bir də uzun-uzadı düşüncələr var axı…

Nəsə baş verir və biz onun haqqında düşünürük, düşünürük və hələ də düşünürük. Miçiqan Universitetinin psixoloqları araşdırmalar nəticəsində bu qənaətə gəliblər ki, əgər biz pis əhval-ruhiyyəmiz və ya başımıza gələn pis hadisələr barədə daima düşünürüksə, hər şey daha da pisləşir… Bir neqativ düşüncə başqa birinə, o isə digərinə və digərinə keçid edir, sonda isə biz neqativ fikirlər içində boğuluruq.

Zamanla anladım ki, bəzən o hündürdaban ayaqqabıların dabanı zədələnəcək, hətta qırılacaq da. Öyrəndim. O zədələnmiş dabanı təmir etməyi, hətta qırılmış dabanı belə yenidən yerinə yapışdırıb, dik gəzmək lazım olduğunu öyrəndim. Həyatın gözləntilərsiz yaşanacağını da öyrəndim. Bilirsiniz, çətin olan nədir? Çətin olan reallığı qəbul edə bilməkdir. Reallığı qəbul edib, “olmadı”ların belə xoşbəxtliyini arzu etməkdir. Böyüklük də bunda idi. Bir uşaq kimi inadla olmayacaq nəyisə istəyib durmaqdansa, artıq olmuş həqiqətlərin xoşbəxtliyini istəmək… Bunu hər kəs bacara bilməzdi. Amma mən bacarırdım. Bacarırdım…

Araşdırmalar göstərir ki, əgər insan daim mənfi fikirlərlə yüklənib, çətinlinklərin müvəqqəti olduğunu düşünmür, həyatında müsbət dəyişikliklərin olacağına inanmırsa, o, bu kədərdən qurtula bilməyəcək. Bu səbəbdən də insan çətin situasiyalar zamanı baş verənlərin keçici, sadəcə həyatın bir parçası olduğunu düşünməlidir. 

Sadəcə xoş şeylərə fokuslanmaq və gözəlliklərin hələ qarşıda olduğuna inamaq kifayətdir… Həyatı sevmək, özünü sevmək, özünün sevgi dolu, incə qəlbinin fərqində olmaq. Həyat budur, ümid budur, yenilik budur, xoşbəxtlik budur. Həyat bizə bir dəfə verilir. Bu şansı yaxşı dəyərləndirmək mütləqdir. Hər sabah gözəl havanı içinə çəkmək, yaşamaq, xoşbəxt olmağı istəmək gözəldir. Gözəl. Həm də çox…

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa