Müsahibə

Nigar Rahmanova: “Saat vaxta verdiyimiz dəyərin göstəricisidir”

Sıravi bəzək əşyalarından fərqli olaraq, saat – hərəkətdə olan, görüşləri və öhdəlikləri, yetişməli olduğu cədvəlləri olan insanlar üçündür. Saatlar, sizə zamanın necə sürətlə keçməsini xatırlatmağa xidmət edir hər şeydən öncə. Saatlar praktikdir, eyni zamanda onlar yüksək zövqün göstəricisidir və sahiblərinin müasir zamanla nə qədər yaxşı ayaqlaşa bildiyini vurğulaya bilər.

Bu dəfə 1Lady.az portalının müsahibi “Saatstore” Mağazalar Şəbəkəsinin Marketinq Meneceri Nigar Rahmanovadır. Nigar xanımla, saatlarla bağlı trendlərdən danışdıq.

  • Nigar xanım, sizcə saatlar xanımların qarderobunda nə qədər əhəmiyyətli yer tutur?

Maraqlı sualdır. Ümumiyyətlə, geyim hər bir xanımın özünü cəmiyyətdə bir obraz kimi təqdim etməsində çox önəmlidir. Geyimə yaraşıq verən, onu tamamlayan da əlbəttə ki, aksesuarlarımızdır. İstifadə etdiyimiz aksesuarlar həm də bizim xarakterimizi özündə əks etdirir. Hesab edirəm ki, saat, xüsusilə də bir iş qadınının qarderobunda olması vacib aksesuarlardandır.

  • Saatın daşıdığı əsas funksiya və mesaj hansıdır?

Mənə görə, saat vaxta verdiyimiz dəyərin göstəricisidir. Həyata bir dəfə gəlirik və bizə verilən vaxtdan düzgün istifadə etməliyik. Bunu unutmamağımız üçün də saatdan gözəl aksesuar ola bilməz.

Bu payız trend saatlar

  • Hazırda SaatStore.az bir sıra brend saatları xanımlara təqdim edir. Daha hansı brendləri əhatə etməyi düşünürsünüz, məsələn Tiffany & Co və ya Rolex kimi hədəflər varmı?

İlk olaraq qeyd edim ki, “Saatstore” artıq 5 ildir ki, fəaliyyət göstərir. Keçən 5 il ərzində müştərilərə həm keyfiyyətli məhsul, həm də yüksək xidmət göstərməyə çalışmışıq. Müştərilər, təbii olaraq seçim müxtəlifliyi istəyir və biz də bunu təmin etməyə çalışırıq. Hazırda mağazalarımızda bir sıra məşhur saat brendlərindən məhsullar satışda var. “Casio”,  “Citizen”, Swatch”, “Curren”, “Naviforce”, “Mini Focus” və s. kimi saat brendlərinin satışını həyata keçiririk. Təbii ki, tələbata uyğun olaraq öz fəaliyyət dairəmizi genişləndirmək fikrindəyik.

Son zamanlarda müştərilərin innovativ – günəş enerjisi ilə işləyən, saatla yanaşı, tarixi, temperaturu göstərən, həmçinin kompas funksiyasını da yerinə yetirən saatlara marağı artıb.  Biz də bunları nəzərə alaraq, innovativ saat modellərinə də üstünlük veririk.

  • Bəs, son dövrlərdə xanımlar hansı saatlara daha çox üstünlük verir? Trendlər nə göstərir?

2019-cu ilin saat trendlərində qızılı və qəhvəyinin müxtəlif tonları üstünlük təşkil edir. Mavi rəng də trenddədir. Xanımlarımız daha çox qızılı rəngin üstünlük təşkil etdiyi saatlara maraq göstərir. Retro stildə olan saatlar da trenddə qalmağı bacarır bu payız.

Bu payız trend saatlar

 

  • Mən bir alıcı kimi maskulin görkəmli, kişi saatlarını xatırladan kobud saatlara və ya əksinə çox zərif və minimal ölçülü saatlara üstünlük verirəm, orta ölçülü heç bir saat mənə uyğun deyil. Bəs, ümumilikdə Azərbaycan xanımları saatları necə seçir?

Azərbaycan xanımları daha çox orta korpuslu, nəzərə çarpan, qızılı tonda olan saatlara üstünlük verirlər.

  • Saat seçimi ilə bağlı xanımlara tövsiyələriniz varmı?

Əslində, zövqlər müxtəlifdir və hər kəs aksesuar seçimində təbii olaraq, öz zövqünə güvənir. Amma ümumilikdə, bunu qeyd etmək olar ki, saat seçimi zamanı onu geyimə və məkana uyğunlaşdırmaq mütləqdir. Misal üçün, işə taxdığımız klassik stildə saatı istirahətə gedərkən taxdığımızı düşünün. Əlbəttə ki, görüntü uyğunsuz olacaq. Odur ki. saat seçimi zamanı geyimi və məkanı da nəzərə almaq lazımdır. Keyfiyyət isə hər zamankı kimi, öz yerində, prioritet olmalıdır.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa