Müsahibə

Nərmin İbrahimova Amerikada təhsil arzusunu necə reallaşdırdı?

Nərmin İbrahimova: Düşünürdüm ki, məcburi köçkün düşərgəsində təhsil almış bir qız Amerikada təhsil almağa layiq deyil

Xocalıda doğulmuş, Naftalanda böyümüş Nərmin İbrahimova ilk ali təhsilini Bakı şəhərində alıb. Amerikada təhsil almaq və yaşamaq isə onun üçün uzun illər əlçatmaz bir arzu kimi görünüb. Nəhayət öz həyati əhəmiyyətli qərarları ilə Nərmin bir zamanlar mümkünsüz görünəni gerçəkləşdirib.

1lady.az portalına müsahibəsində hazırda Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi çalışan Nərmin İbrahimova Amerikada təhsil almaq yolunda rastlaşdığı çətinliklərdən və qarşılaşdığı maneələri necə dəf etdiyindən danışır:

– Nərmin xanım, ilk öncə müsahibə imkanına görə təşəkkür edirəm. Mümkünsə qısaca özünüzü təqdim edin.

Mən Nərmin İbrahimova. Xocalı rayonunda anadan olmuşam. Məlum hadisələrdən sonra Naftalan şəhərində müvəqqəti məskunlaşmışıq və mən orda məcburi köçkün düşərgəsində böyümüşəm. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetində bakalavr mexanika-ryaziyyat, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarə Edilməsi üzrə magistr dərəcəsi almışam. Bir müddət Azərbaycanda çalışdıqdan sonra Amerikada Sosial Sahibkarlıq üzrə ikinci magistr dərəcəsinə yiyələnib orda fundraising (maliyyə vəsaitlərinin cəlb edilməsi) sahəsi üzrə çalışmışam. Azərbaycana qayıtdıqdan sonra isə İqtisad Universitetində həm müəllim kimi, həm də inzibati vəzifədə çalışıram.

– Nərmin, necə oldu ki, ABŞ-a təhsil almağa getdiniz? Üniversitet və proqram seçimini hansı meyarlarla etdiniz?

Əslində bir çoxları kimi Amerika həmişə mənə əlçatmaz bir ölkə kimi görünüb və onun arxasınca getməyə qorxmuşam. Özümü orada təhsil almağa layiq bilməmişəm. Elə təsəvvür edirdim ki, Amerikada ancaq şəhərdə yaxşı məktəblərdə oxuyanlar gedə bilər, çünki şəhər məktəblərində təhsil daha keyfiyyətlidir və uşaqların dünyagörüşü daha genişdir. Məcburi köçkün düşərgəsində təhsil almış bir qız Amerikada təhsil almağa layiq deyil.

Lakin Bakıda yaşayıb universitetdə təhsil aldıqca özümə əminliyim daha da artmışdı və mən xaricdə təhsil almağı daha ciddi düşünməyə başladım, sadəcə bunu necə edəcəyimi bilmirdim. Özümü bunun üçün lazım olan iş mühitində yetişdirdikdən sonra İngiltərədə təhsil almaq üçün bir neçə universitetə müraciət etdim. Amerikada isə yalnız bir universitetə onlayn müraciət forması göndərdim və xoşbəxtlikdən məni həmin proqrama qəbul etdilər.

– ABŞ-da ödənişsiz təhsil çox müşküldür, maliyyələşdirməyə necə nail ola bildiniz?

Bəli, Amerikada təhsil haqqı yüksəkdir və adətən beynəlxalq tələbələr Amerikada təhsil haqqını ödəyən təqaüd proqramları vasitəsilə gedirlər. Mən orda sonradan öyrəndim ki, magistr proqramlarına təqaüdlə düşmək daha rəqabətli olduğu üçün beynəlxalq tələbələr adətən doktorantura pilləsinə müraciət edir. Hətta tələbələr bakalavrdan birbaşa doktoranturaya müraciət edir ki, həm təhsil haqları universitet tərəfindən qarşılansın, həm də aylıq təqaüd də alsınlar.

Mənim Amerikadakı təcrübəm çox çətin olub, çünki Vaşintqon universitetinə getməyim son qərar kimi oldu. Belə ki, Amerikada təhsil üçün müraciət etdiyim təqaüd proqramından kəsildim və universitetin qəbul şöbəsi ilə danışıqlara başladım. Mənim qəbul aldığım fakültənin illik təhsil haqqı 40,000 dollar idi. Proqram isə iki illik idi. Bir sözlə, mən həmin fakültədə təhsil almaq üçün 80,000 dollar təhsil haqqı ödəməli idim. Universitetin qəbul şöbəsi mənə ilkin olaraq 20,000 dollar təqaüd ayırdı, onlarla danışıqlara başlayaraq təqaüdü 40,000 dollara qədər artırılmasına nail oldum. Lakin mənə bildirdilər ki, universitetin təqaüd siyasətinə uyğun olaraq bu vəsait 4 semester arasında bərabər bölünəcək, başqa sözlə, mənə hər semestrə 10,000 dollar təhsil haqqı ayrılacaq. Mən isə hesabladım ki, bir semestrin təhsil haqqı 20,000 dollar idi. Yadımdadır ki, çox pis olmuşdum, həm də İngiltərədəki təqaüd tapma şansım alınmadı. Amerikadakı şərtlər də qeyri-mümkün idi. Ona görə də, mən Azərbaycanda müxtəlif hökumət, qeyri-hökumət təşkilatlarına müraciətlər ünvanladım. Onların heç bir nəticəsi olmayanda həmin müraciət formalarını universitetə göndərdim və məsələnin nə yerdə olduğunu izah eledim. Onlara mənə ayrılan təqaüdün tam olaraq birinci ilə ayrılmasını xahiş etdim və söz verdim ki, ikinci ilə təhsil haqqını tapacam. Qəbul şöbəsi bu şərtlə razılaşdı və mənə ayrılan təqaüd ilk iki semestrin təhsil haqqını ödədi. Bu şərtlər çərçivəsində mən Amerikaya yola düşdüm. Qeyd etməliyəm  ki, ailəm mənə mənəvi olaraq çox dəstək oldu.

Amerikada təhsil aldığım müddətdə ikinci ilin təhsil haqqını axtarmağa başladım. Lakin bu gözlədiyim qədər də asan olmadı. Təhsilin birinci ilində təqaüd tapmaq cəhdlərim boşa çıxdı. Buna görə çox həvəsdən düşmüşdüm və ikinci ildə təhsilimi davam etdirmək üçün başqa universitetlərə müraciət etməyə başladım. Bəzi universitetlər qəbul sənədi göndərdi, lakin yarımçıq təhsil haqqı təqaüdü təklif etdilər. Ona görə lap ümidim itmişdi ki, universiteti bitirməyəcəm. Elə oldu ki, mən 3-cü semestrin 20,000 dollardlıq təhsil haqqını ödəmədən semestri başa vurdum və təhsil haqqı borcum yarandığından sonuncu semestrin dərslərinə qeydiyyatdan keçə bilmədim.

Bəxtim gətirdi ki, həmin dövrdə Azərbaycanın Amerikadakı səfirliyi ilə təsadüf nəticəsində kontaktım yarandı və öz vəziyyətimi onlara izah etdim və onlar Vaşinqtonda yaşayan bir neçə azərbaycanlı ilə məni tanış etdilər. Onların dəstəyi ilə Gofundme portalında mənim adıma profil açıldı və həmin profil Amerika və Kanadada yaşayan azərbaycanlılar arasında paylanıldı. Bundan əlavə, Facebook sosial şəbəkəsində yayıldı və mənim təhsil haqqım üçün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, o cümlədən mənim Amerikdakı dostlarım, qrup yoldaşlarım, professorlarım iyanələr etməyə başladılar. Mən o insanların əksəriyyətini indi də tanımıram, lakin onlara həmişə çox minnətdaram olacam.

Gofundme portalı vasitəsilə 10 gün ərzində 15,000 dollar vəsait toplandı. Sevincimdən göylərdə uçurdum. Təsəvvür edin ki, həmin vəsait semesterin başlanılmasına təxmini 4 gün qalmış yığılmışdı. Mən sonradan öyrəndim ki, bizim fakültənin rəhbərliyi mənə universiteti təhsil haqqını tam ödəyənə qədər tərk etmək haqda məktub hazırlamışdılar, onu yalnız imzalayıb mənim ünvanıma göndərmək qalmışdı. Xoşbəxtlikdən çox qısa zaman kəsiyində təhsil haqqının bir hissəsini ödəyə bildim. Yerdə qalan 25,000 dollar təhsil haqqını isə professorumun dəstəyi ilə xarici fondların birindən əldə edə bildik. Universiteti bitirməyimə bir ay qalmış təhsil haqqım möcüzəvi şəkildə tam ödənildi.

Universitetdə təhsil aldığım iki il müddətində xarici tələbələrə ayrılan iş saatı müddətindən maksimum istifadə edirdim ki, gündəlik yaşayış və kirayə xərclərini ödəyə bilim. Eyni vaxtda üç fərqli iş yerində işləyirdim. İnanın narazı olmaq və ya şikayət etməyə vaxtım belə qalmırdı. Orada yaşadığım üç il yarım müddətində 12 müxtəlif evdə yaşamışam. Elə olub ki, bir evdə 10 gün qalmışam, ordan çıxıb 6 həftə başqa bir evdə, daha sonra 2 ay başqa bir evdə, oradan da 1 aylıq başqa bir evə köçmüşəm ki, pula qənaet edə bilim. Amerikanlar istirahatə getdiyi zaman evlərini tələbələrə müvəqqəti qalmaq üçün verirdilər ki, ev heyvanlarına qulluq edən olsun. Mən də həmin fürsətdən istifadə edirdim, əvəzində kirayə haqqı ödəmirdim. Bu təcrübə özlüyündə də çox çətin idi. Bir yerə öyrəşməmiş başqa bir yerə köçmək məcburiyyətdəsən. Hər dəfə də maşını olan bir dostumdan xahiş edirdim məni bir evdən o biri evə köçürtməkdə köməklik etsin.

Bəxtim gətirmişdi ki, çox gözəl insanlarla tanış oldum Amerikada, həm azərbaycanlı, həm də digər millətlərdən olan insanlarla. O insanların köməyi, xoş niyyəti olmasaydı heç vaxt təkbaşıma bacarmazdım.

İndi həmin günləri xatırlayanda bilmirəm yenə bacararammı? Elə təcrübələr var ki, onları bir dəfə yaşamaq lazımdır.

Göründüyü kimi, mənim Amerikada təhsil almağım çox böyük çətinliklə başa gəlib. Lakin bu təcrübə mənim özgüvənimi artırdı. İnaniram ki, bu təcrübənin bəhrəsini gələcəkdə də görəcəm.

– Hər bir insanın həyatında aydınlanma, bəsirət gözünün açılması kimi bir an olur, yəni insan nə istədiyini və buna necə nail olacağını anlayır. Sizdə belə bir hal olubmu?

Mənə elə gəlir ki, insan nə istədiyini dərk edənə qədər bir müddət axtarışda olur. Lakin bütün həyatı boyunca da axtarışda olmaq olmaz, həyatın müyyən mərhələsində nə istədiyimizi tapmalıyıq.

Məmin indiyə qədərki təcrübəmdə düz yolla deyil, keçilməsi çətin olan cığırla getmişəm. Buna səbəb təcrübəsiz olmağım olub, lakin çox ambisiyalı olmuşam. Qarşımda uzunmüddətli məqsədim var, lakin buna nail olmağın ən asan yolunu çox təəsüf ki, hal-hazırda bilmirəm. Bunu zaman göstərəcək. Mənə elə gəlir ki, əsas təslim olmamaqdır.

 Həyatınızda sizə ən çox dərs olan hadisə nə olub?

Mənə elə gəlir ki, kənardakıların dediklərinə fikir verməməyi başa düşməyim əsas dərs olub. Ən sadə misal, mən xaricdə təhsil üçün ingilis dilini öyrənərkən məsləhət aldığım insanların çoxu deyirdi ki, ingilis dilini öyrənmək çox çətindi. Və yaxud, həm Amerikaya gedərkən, həm orda olarkən başqalarının dedikləri üzrə hərəkət etsəydim heç vaxt təhsilimi başa vura bilməzdim.  İnsanlar özləri bacarmadıqlarına başqalarını da inandırırlar. Çox şükür ki, mən ürəkdən inandığım məqsədin arxasınca sona qədər getməyi bacarıram.

– Ən çətin anlarda özünüzü necə motivasiya edirsiniz?

Adətən ideallaşdırdığım siyasi liderlərin çıxışlarına baxıram.

Ən sevdiyim siyasi fiqur Şimon Peresdir. Lakin bu siyahı uzundur. Peresin müsahibələrinə təkrar qulaq asmaqdan yorulmuram.

Mənə elə gəlir ki, İsrael modelinin dərindən öyrənib onu Azərbaycanda tətbiq etməyə ciddi ehtiyac var.

– Yaxın və uzaq perspektivlə bağlı əsas hədəfləriniz hansıdır?

İnanıram ki, keyfiyyətli ali təhsil hər bir şəxsin fundamental hüququdur və hər bir şəxsə onun təmsil etdiyi sosial qrupdan asılı olmayaraq keyfiyyətli ali təhsil əldə etmək imkanı verilməlidir. Uzunmüddətli dövr üçün çox istəyirəm ki, həssas qrupların (buraya qaçqın və məcburi köçkünlər, bir və ya hər iki valideynini itirmiş gənclər və eləcə maddi çətinliyi olan digərləri daxildir) keyfiyyətli ali təhsilə çıxış imkanları əlçatan olsun. Onların xaricdə təhsilə çıxış imkanlarının asanlaşdırılması istiqamətində işləmək istəyirəm.

Mənim Amerikada ali təhsil almağım ona görə çətin olub ki, mən mümkün olan imkanlar haqda məlumatsız olmuşam. Buraya mənim kiçik və konservativ bir icmada böyüməyimin rolu böyük olub. O cümlədən mənim kariyera ambisiyalarımı mənimlə bölüşüb istiqamət verən mentora ehtiyacım olduğunu bilməmişəm. Lakin bu heç kimin səhvi deyil, sadəcə təcrübəsizlikdən irəli gələn həyat dərsidir. Doğrudur, lap uşaqlıqdan təhsil alıb məcburi köçkün düşərgəsini tərk etmək istəyirdim və təhsil mənim üçün əsas çıxış yolu idi. Lakin təhsil aldıqdan sonrakı mərhələni təsəvvür edə bilmirdim.

İnanıram ki, qaçqın və məcburi köçkünlərin güclü icmasının yaradılması mümkündür və bunun üçün keyfiyyətli ali təhsilə investisiya vacibdir. Gənclər cəmiyyətin əsas hərəkətverici qüvvəsidir, buna görə də gənclərin keyfiyyətli ali təhsilə çıxış imkanlarının artırılmasına çox ehtiyac var. Keyfiyyətli ali təhsil dedikdə hesab edirəm ki, xaricdə təhsil ön planda olmalıdır. Xaricdə təhsil insana yeni bir mədəniyyətlə tanış olmaq imkanı verir, bu təcrübəni yerli universitetlər əvəz edə bilməz. Çünki başqa bir torpaqda təhsil yeni, tamamilə fərqli mədəniyyətləri təmsil edən insanlarla tanış olmaq deməkdir. Bu zaman insan fərqlilikləri görür, hansı ki, bu fərqliliyi doğulduğun ölkədə fərqinə vara bilmirsən.

Müsahibə üçün təşəkkürlər.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa