Motivasiya

Könül Babayeva: “Yeni il – yeni həyat demək deyil, möcüzə gözləməyin”

Yeni ildən çoxlu hədiyyələr, çoxlu möcüzə və bəzən bir il ərzində baş verməyənlərin bir gecə ərzində gerçəkləşməsini gözləyirik. Reallıqda isə dəyişən çox az şey var və bayramlar bitər-bitməz insanlar özünü boşluqda hiss edir. Elə isə nə etməli? Bu il hər şeyin daha fərqli olması üçün hansı addımları atmalıyıq?

1Lady.az portalının budəfəki müsahibi psixoloq, qeştalt-terapevt və kouç Könül Babayevadır.

  • Könül xanım, çox zamanlar xanımlar, Yeni il gecəsi ilə bağlı hazırlıqlara ayırdıqları zaman qədər, heç bütün ilin planlamasına vaxt ayırmır. Bu insanların toy gününə hazırlaşıb, amma birgə yaşamağa hazırlaşmamaqları kimidir təxmini.  Yeni ilə necə hazırlaşaq ki, ilimiz əvvəlkindən daha yaxşı olsun?

Maraqlı bənzətmə etdiniz, razıyam bəzən insanlar daha qlobal məsələlərə əhəmiyyət vermir və daha kiçik işlərlə məşğul olurlar.  Və çox vaxtı Yeni il bir çox insanlar üçün həyatın davamı kimi deyil, məhz yeni həyatın başlanğıcı kimi qəbul olunur. Əksər tanıdığım insanlar yeni planların, məqsədlərin, hədəflərin başlanması üçün Yeni ili start tarixi kimi görürlər. Amma bir vacib məqamı unudurlar – yeni planlara başlamazdan öncə köhnələrdən azad olmaq lazımdır. Məsələn, bildiyiniz kimi bir neçə xalqların Yeni il girməzdən öncə evdən köhnə əşyaları tullamaq kimi adəti var. Eyni şeyi ruhumuz və psixikamız üçün də etməliyik. Bizi yoran, sıxan düşüncə və emosiyalardan qurtulmaq üçün ruhumuzda təmizlik işləri aparmalıyıq. Həyatımız boyu müxtəlif hadisələrnən qarşılaşırıq,  çətinliklərimiz olur və bu hadisələrə qarşı müxtəlif hisslər yaranır. Lakin bir çox insanlar bu hadisələrin yaratdığı hissləri sonadək dərk etrmirlər və bu hissləri sonadək yaşamağa özlərinə imkan vermirlər.

Hisslərin isə belə bir xüsusiyyəti var, onlar sonadək yaşanmayınca, bizi tərk etmirlər. Sonadək yaşanmayan hisslər bizim ruhumuzu, psixikamızı yükləyir, ağırlıq verir. Və təbii ki, əgər ürəyimiz keçmişdən qalan mənfi emosiyalardan azad olunmayıbsa orada yeni müsbət emosiyalara da yer az qalır, müsbət hisslər gəldikdə orada özünə yer tapa bilmir. Və biz Yeni ilə nə qədər yeni hədəf və ya məqsədlər qoysaq da, nə qədər ümidlə baxsaq da, bu könhə yük bizidən çoxlu enerji alır və biz Yeni ilə yenə də yorğun başlayırıq. Bu vəziyyətdən qurtulmaq üçün, əlbəttə ki, mütəxəssisə (psixoterapevtə) müraciət etmək lazımdır ki, ildən ilə bu köhnə yükü daşımayasınız. Düzdü, bəzi hallarda müəyyən texnikalar da kömək edir.

Məsələn, siz hansısa bir insandan incimisiz, ona qarşı içinizdə hirs və ya kədərlə dolu inciklik varsa, məktub yazın. Bu məktubda ona olan bütün hisslərinizi istədiyiniz kimi ifadə edin, özünüzə bütün hisslərinizi ən sərbəst sözlərlə ifadə etməyə icazə verin. Və ya əksinə, içinizdə inciklik deyil, qünah hiss edirsinizsə, üzr istəyin, onun sizin üçün olan dəyərini vurğulayın, təşəkkür edin. Sonra isə bu məktubu cırın, tullayın və ya istəyirsinizsə yandırın. Bu texnikanın əsas məqsədi uzun müddət içinizdə olan basdırılmış hissləri üzə çıxarıb onları yaşamaqdır. Amma yenə təkrarlayım ki, bəzi travmatik hadisələr olduqda mütəxəssisə müraciət etmək daha məqsədəuyğundur.

  • Bir çox insanlar Yeni ilin ilk günlərində boşluq hissi keçirir, bu nə ilə bağlıdır və bunun qarşısını necə almaq olar?

Haqlısız, demək olar ki, əksər insanlar bayram günləri qurtaran kimi boşluq hissi keçirirlər. Şənlik mərasimləri keçib, kimsə səyahətə gedibsə səfər də bitib, bayram və tətil günləri artıq arxada qalıb. Gözlədiyimiz möcüzə isə baş verməyib, ümid etdiyimiz yenilik və gözləntimiz həyata keçməyib. Bu an anlayırıq ki, bayramdan, yeni ildən olan gözləntilərimiz əslində çox böyük, şişirdilmiş idi. Təzə gələn ili yeni adlandırsaq da, burada hətta köhnədən də çox şey qalıb… Buna “post-bayram” sindromu deyilir və bu tez-tez rastlanan bir haldır. Yüksək stres, yorğunluq, özünü narahat hissetmə, qəm, qüssə, bəzən isə hirs bu hala xas olan xüsusiyyətlərdəndir. Bu halın olması da çox təbiidir. Çünki xoş bir şeyi sevinclə gözləyərkən, beynimiz xoşbəxtlik hormonu ifraz edir, lakin istədiyimiz baş verməyincə bu hormonlar stress hormonları ilə əvəz olunur. Nə edək? Çalışaq əhval ruhiyyəmizə müsbət təsir edən vasitələrdən istifadə edək.

  • Çalışın normalaşdırılmış yuxu və qida rejiminə keçin
  • Təmiz havada daha çox olun
  • İş və şəxsi həyat arasında balansı qoruyun
  • Birinci iş həftəsində özünüzü çox yormayın
  • Sevdiyiniz müsiqini dinləyin, sevdiyiniz qoxuları qoxlayın
  • Qara şokolad yeyin
  • Dost və sizə xoş olan insanlarla ünsiyyətdə olun
  • Bir sözlə özünüzün qayğısına qalın.

Bir də çalışın anlayın ki, bayram artıq keçib, və bu gələn Yeni il sadəcə həyatın davamıdır, Yeni il – yeni həyat demək deyil, bundan möcüzə gözləməyin. Həyatınızda dəyişiklik istəyrisinizsə onu nə Yeni ildən, nə də ki Şaxta Babadan gözləmək lazım deyil J. Bu dəyişikliyi özünüz edin! Həyatınıza görə məsuliyyəti öz üzərinizə götürün.  Dəyişiklik və yenilik etmək üçün nə Yeni ili, nə “birinci günü”, nə də ki  hər hansı digər əlamətdar günü gözləməyin. Qərar verib hərəkətə keçin.

  • Könül xanım, dəyişikliklərdən danışdız, bəs xanımlar plan və hədəf qurma işini necə daha effektiv edə bilərlər?

Bu sualınıza artıq kouç kimi cavab verəcəm. Bunun üçün çox effektiv bir texnika var, yəqin ki, siz bunun haqqında eşitmisiniz. Bu, məqsədlərə çatmaq üçün GROW texnikasıdır.  Hər hansı bir məqsədə çatmaq istəyirsinzsə bu suallara cavab verin. 

Blank paper with pen and coffee cup on wood table

GOAL – hədəfimizi müəyyənləşdiririk.

  • Mən nə istəyirəm?
  • Niyə və nə dərəcədə bu mənim üçün vacibdir?
  • Bu hədəf məni ruhlandırır?
  • Bu hədəfə çatdıqda mən nə əldə edəcəm, nəyi itirəcəm?
  • Hədəfə çatdığımı necə müəyyən edəcəm?

REALİTY – hazırki vəziyyəti və resurslarımızı təhlil edirik.

  • İndi vəziyyət nə yerdədir?
  • Bu hədəfə çatmaq üçün mən əvvəllər nə etmişəm?
  • Əgər etmişəmsə nələr mənə mane olub? Hansı çətinliklərlə qarşılaşmışam?
  • Hansı daxili və ya xarici məhdudiyyətlər mənə maneə ola bilər?
  • Hansı resurlarım var? Hansılar çatmır? (biliklər, bacarıqlar və s.) Onları necə əldə edə bilərəm?

OPPORTUNİTY – hədəfə çatmaq üçün alternativ imkanlar axtarırıq.

  • Hədəfimə çatmaq üçün mən nə etməliyəm? Ən asan yol hansıdır?
  • Kİm və necə mənə yardım edə bilər?
  • Hədəfimə çatmaq üçün bütün resusrlarım olsaydı, birinci nə edərdim?
  • Bu hədəfə çatmaq üçün hansı keyfiyyətlər lazımdır? Bu keyfiyyətləri özümdə necə inkişaf etdirə bilərəm?
  • Hədəfimə çatmaq üçün mənə nə motivasiya verir?

WILL – konkret hərəkət planı.

  • Hansı ilk addımlar atacam? Bunlar üçün müddət müəyyən edin.
  • Bu addımlar realdır? Ölçülə biləndir?
  • Konkret olaraq nə vaxt başlayıram?
  • Hansı dəstəyə ehtiyacım var?
  • Əgər yaxınlarım mənim hərəkətlərimə qarşı mənfi münasibət göstərərsə, mən bunu necə həll edəcəm?
  • Bütün addımlarımın reallaşma müddətini müəyyən etmişəm?
  • Qurduğum plandan razıyam?
  • Hədəfimə çatdıqda özümü necə mükafatlandıracam?

Bu suallar nəticəsində siz bu məqsədin gərçəktən sizə aid və vacib olub olmamadığını anlayacaqsınız. Əgər bu hədəfə qarşı ciddi müqavimət hiss etmirsinizsə, demək ki bu hədəf ətrafdakılar tərəfindən sizə yüklənməyib, bu sizin öz seçiminizdir.  Öz seçiminiz olduğu təqdirdə, hədəfiniz sizi ruhlandırırsa, o zaman bu suallar sizdə analitik düşüncə tərzini, strateji baxışı formalaşdırıb planın reallaşmasına kömək edəcək.

Sonda isə demək istəyirəm ki, gözləntiləri kənara qoyub bu an burada olmağı bacarın. İndi və burada olduğunuzu dərk edib bu andan zövq alın.

Könül Babayeva: “Yeni il – yeni həyat demək deyil, möcüzə gözləməyin”
Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa