Müsahibə

Gülşən Cumayeva:”Qadın özü öz uğuruna inanmalıdır”

“Bank of Baku”nun Reklam və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Gülşən Cumayeva: 

Uğurlu qadın olmağa dair

“Uğurlu kişinin arxasında qadınların dayanmasını kişilər özləri də etiraf edirlər. Məncə, düz də deyirlər. Belə bir deyim də var ki, “qadın istədiyi kişini vəzir də edər, rəzil də”. Artıq aksiomaya çevrilmiş qadın böyük qüvvədir fikri burda da öz təsdiqini tapır.”

Uğurlu qadının arxasında isə elə özü dayanır”

Özünəinamı, pozitiv düşüncəsi, əzmkar olması, riskdən qorxmaması və ən əsası yoğurduğu xəmirə qatdığı sevgisi sonda öz sözünü deyir.

Bir şeyi də səmimi etiraf edim ki, biz qadınlar çox həssasıq və daima dəstəyə ehtiyacımız var. Mənəvi olaraq ailəmizin, sevdiklərimizin, bizə əziz olan insanların dəstəyini hiss etsək, daim yanımızda olduqlarını duysaq, bu bizi daha da ruhlandırar və daha böyük uğurlar qazanmamıza vəsilə olar.”

Şanslı və ya uğurlu olmağa dair

Uğur sadəcə 4 hərfdən ibarət olsa da, heç də səsləndiyi qədər sadə bir məfhum deyil. Onun arxasında böyük inam, zəhmət və sevgi dayanır. Mənə görə uğur ona inananlarındı, heç bir çətinliyə baxmadan qarşısına qoyduğu hədəfə inadkarlıqla addımlamağı seçənlərin və addımlarının nəticəsini pozitiv olaraq görənlərindi.

Uğur neqativləri sevmir, əksinə kainata müsbət mesaj ötürənləri, o mesajın reallaşacağına inanıb əzmlə çalışanları, işinə sevgi qatanları sevir. Cəmiyyətdə bildiyiniz kimi, uğurlu insanlarla yanaşı, şanslı insanlar da var, necə deyərlər, qızıl bələkdə göz açanlar. Bu insanları şans daima izləyir, baxırsan ki, çox da əziyyət çəkmirlər, amma kifayət qədər də uğurlu olurlar. Lakin mən onlara uğur nümunəsi kimi baxmazdım, sadəcə şanslı deyərdim.

Şanslı insanlardan fərqli olaraq, uğurlu insanlar qarşılarına qoyduqları məqsədə pillə-pillə çatırlar. Uğura gedən yolda bəzən büdrəyə bilərlər, yıxıla bilərlər, amma özündə güc tapıb yenidən qalxmağı bacararlar. Qoyduqları hədəfə çatmaq arzusu, həmçinin yolun sonunda gördükləri işıq onları motivasiya edir və finiş xəttinə uğurla çatmalarına səbəb olur.

Qadının cəmiyyətdə uğur qazanması üçün isə ilk növbədə özünün öz uğuruna inanması lazımdır.

Daha sonra, bütün kainat ona inanacaq və istədiyi nəticəni qazanmasına kömək edəcək”

Könüllü olmaq barədə

Təhsil aldığım müddətdə uşaq hüquqları sahəsində 6 ay tam könüllü olaraq çalışmışam. İndiki dövrdə bu bir çoxları üçün qəbul edilməz olsa da, 6 ay pulsuz çalışdığım dönəm mənim inkişafımda böyük fayda verib. Heç bir iş təcrübəsi olmayan, utancaq bir qız olaraq işə başladığım o təşkilat mənim böyüməyimdə, həm şəxsi, həm də peşəkar bacarıqlarımın inkişafında əvəzsiz rola malik olub. Gənclərimizə üzümü tutub, demək istərdim ki, tələbəlik illərindən müxtəlif şirkətlərdə təcrübə proqramına qoşulun, biliklərinizi, bacarıqlarınızı artırın. Pul hamıya lazımdır, bunu çox gözəl anlayıram, bəlkə də həmin dövrdə hamıdan çox mənə lazım idi, amma inanın ki, qazanılacaq təcrübə heç bir pulla ölçüləcək deyil və gələcəkdə qazandığınız uğurlara zəmin yaradacaq.

Çətinliklərin əhəmiyyəti barədə

İşimi şansa buraxmamışam və hansısa işimin həllində heç vaxt kiməsə arxalanmamışam”

“17 yaşından işləmək və eyni anda təhsil almaq çətin olmayıb” – desəm, yəqin ki, yalan olar. Mən də yalan danışmağı sevmədiyim üçün, səmimi deyim ki, çox çətin olub. Amma çətinliyi nə qədər çox olsa da, illər sonra qazandırdığı faydası daha çox olub. Siz də razılaşarsız ki, heç bir iş asan deyil. Nəsə qazanmaq istəyirsənsə, bəzən nədənsə imtina etməli olursan. Mən də əyləncələrimdən, gəzintilərimdən, istirahətimdən özümü məhrum edib, dərslərdən sonra evdə ingilis dilindən uşaq hazırlaşdırırdım, yay tətili dövründə bayaq adını çəkdiyim qeyri-hökumət təşkilatında könüllü fəaliyyət göstərirdim. Fərqli-fərqli proqramlara müraciət edib, seminarlarda, təlimlərdə iştirak edirdim. Qısacası, işimi şansa buraxmamışam və hansısa işimin həllində heç vaxt kiməsə arxalanmamışam.

Ancaq hər zaman valideynlərimin mənəvi dəstəyini hiss etmişəm. Bəzən ən mümkünsüz işlərdə belə “Hər şey yaxşı olacaq, sən bacaracaqsan” deyən valideynlərim, mənə məndən çox inanan, məni mən edən atamın və bütün addımlarımda yanımda olan, dəyərlərimi formalaşdıran anamın özümə, bacarığıma inamlı şəxs kimi yetişməyimdə çox böyük rolları olub.

Xəyalpərəstlikdən cəmiyyətə faydaya doğru

“Çox xəyalpərəst, saysız-hesabsız arzuları olan uşaq olmuşam. Adətən uşaqlardan soruşanda ki, böyüyəndə kim olacaqsan, əksəriyyəti həkim və ya müəllim deyir. Mənimsə arzum deputat olmaq olub 🙂 Millətimin vəkili olub, böyüyəndə, insanlara kömək etməyi düşünürdüm. Bu fikrin formalaşmasında əsas səbəblərdən biri, yaşadığımız məhləni süpürən beli əyilmiş yaşlı nənələrdən birinin ağır vəziyyətdə olmasına şahidlik etməyim olub. İndiyə kimi, onun vizualı gözümün önündən getmir, yaddaşımda çox ağır bir iz qoyub. Ümumiyyətlə, mənim üçün uşaqlar və qocalar ən həssas təbəqədir. 

Hər zaman inanmışam ki, mənim bu dünyadakı missiyam ehtiyacı olanlara dəstək göstərmək, zəifləri müdafiə etmək, insanların həyatına müsbət dəyişiklik gətirməkdir.

Vəzifə də bir növ açar funksiyasını yerinə yetirir ki, qazandırdığı səlahiyyətdən istifadə edib cəmiyyətdə etmək istədiyin dəyişiklikləri tətbiq edə biləsən.

Mənbə: http://azxeber.com Gülşən Cumayeva: “Peşəkar fəaliyyətimə 17 yaşımdan başlamışam” – MÜSAHİBƏ

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa