Köşə yazıları

Heç kəsin getmədiyi yol ilə gedin ki, öz yolunuzu salasınız

BİŞ-DÜŞ ÜÇÜN YOX, BƏŞƏRİYYƏT ÜÇÜN DOĞULAN FƏRİDƏ CƏBRAYILZADƏ...

BİŞ-DÜŞ ÜÇÜN YOX, BƏŞƏRİYYƏT ÜÇÜN DOĞULAN FƏRİDƏ CƏBRAYILZADƏ…

Həyat qısadır – bu gerçəyi bilsək də, sanki heç zaman ölməyəcək kimi yaşayırıq bəzən. Nə çox tələsirik insanları qınamağa, mühakimə etməyə, hər addımda özümüzü ən ağıllı göstərməyə.

Hər kəsin istədiyi ömrü yaşamaq (başqalarına ziyan etməmək şərti ilə) və istədiyi yolu getmək haqqını unuduruq bəzən. Bu yazını yazma səbəbim isə məlum, itkin düşmüş alpinistlərdən biri olan Fəridə Cəbrayılzadə ilə bağlıdır. Mən nə şəxsən, nə də qiyabi olaraq tanımamışam Fəridə xanımı. Kaş ki, sağ-salamat qayıda, kaş ki ümidim daha çox olsa idi bu məsələdə.

Amma Fəridə Cəbrayılzadə ilə bağlı bu gün bu post çıxdı qarşıma. Mən də özümü yazmağa borclu hiss etdim. 

Sadəcə xanım olduğuna görə qınanılması, “nə işi vardı iki oğlanla qarlı dağlarda” deyilməsi mənə də toxunur. O sözləri burada verib, toxunmaq istəmirəm əsəblərə. Amma hər birimizin işimiz olar belə, iki oğlanla, ya iki qızla, ya dağda ya meşədə, ya Bakıda, ya ofisdə, ya qapalı, ya açıq məkanda, nə fərq edər. İnsanlar istər tək gəzər, tək işləyər, istər də bir-birinə yoldaş olar. Son nəticədə hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Qınadığımız bu hadisələr hər birimiz üçün var və ümumiyyətlə qınanılacaq nə var axı burda. Tale məhz qınadığımız şeylər ilə çəkər bizi sınağa. Heç zaman olmaz dediklərimiz gələr başımıza.

Hərdən atam mənə deyir (müəyyən səbəblərdən evə gec qayıtdığıma görə): “Bir gün haradasa ölüb-itəcəksən, mən söyüş yiyəsi olacağam” . Yəni itmə (ölmə) faktının özü deyil, hansı şəraitdə baş verməsidir önəmli olan bu cəmiyyətdə.

Daha öncə cəmiyyətimizin başımıza açdığı bir faciə haqqında yazmışdım. İstəmirəm parçası olduğum bu cəmiyyəti yenə vurum yerdən-yerə. Çünki bu bizik və tənqid etdiklərimiz də özümüzük. Bizim qardaşımızdır ya bacımızdır, ya bizim qohumlarımızdır belə düşünən. 

Bizi yalanlar içində yaşamağa sövq edən bir cəmiyyətə verəcək heç bir hesabım yoxdur mənim, amma kömək etmək istəyirəm. 

Siz də qurtulun, bu basqıdan, əziz xanımlar.

Arzularınızın arxasınca gedin, bu sizi kəşməkəşli yollaramı salar,  dağlaramı aparar, Nyu-Yorka ya Parisə gətirib çıxardar fərq etməz. Yetər ki, siz güclü olun. Hər kəsə verəcəyiniz ən böyük cavab arzularınızı gerçəkləşdirib, məsud olmaqdır.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa