Həyat tərzi

Bayram günü nələri yemək olmaz? – Diyetoloq bayram süfrəsindən danışdı

Növbənöv yeməklərlə, şirniyyatlarla doldurulan süfrələr, evin küncündə isə bəzədilmiş şam ağacı… Hər kəsə tanış olan bu mənzərəyə sayılı günlər qalıb. Yeni il bayramına hazırlıqlar məhz günlər öncəsindən başlayıb köhnə yenilədək davam edir desək yanılmarıq. Adətən bayramı qeyd etməyə axşam başlanıldığı üçün insanlar gündüzlər yemək yeməyərək gecəni səbirsizliklə gözləyirlər.

Bəs bu atılan addım doğrudurmu?

Bayram günü əslində necə qidalanmalıyıq?

Diyetoloq Şəhriyyə Əhmədovanın 1Lady.az-a verdiyi açıqlamaya görə, gün ərzində heç nə yeməyib axşam birdən-birə mədəni qarışıq yeməklərlə yükləmək olmaz. Əgər axşam çoxlu yeməklər yeyiləcəksə günorta da mütləq yüngül qidalar qəbul edilməlidir:

“Səhər yeməyi də öz yerində unudulmamalıdır. Günorta yeməyi üçün isə fərqli şorbalar hazırlamaq olar.

Axşam süfrədə adət etdiyimiz kimi qarışıq hər növ yemək əslində olmamalıdır.  Çeşid azlığına diqqət yetirmək lazımdır. Çünki birdən-birdə fərqli yeməklər mədəyə təzyiq göstərə bilər. Yağlı, qızartmalı yeməklər həzmi çətinləşdirir. Bayram süfrəsinə sobada bişən hindi və ya toyuq, dana əti qoyula bilər. Bu yeməyi tərəvəzlərlə də bişirmək mümkündür. Salatlara gəldikdə isə yağlılığı az olan xama ilə  hazırlanan salatlar və ya xamasız bitki yağı, kətan toxumu, zeytun yağı ilə hazırlanmış müxtəlif tərəvəzli salat növü seçilə bilər”.

 

Diyetoloqun sözlərinə görə, axşam yeməyinə uyğun xörək növü seçilməlidir:

“Demək olar ki hər ailədə bayram günü süfrələrin şahı adlandırılan plov dəmlənilir. Biz aşı bulqurdan bişirilməsini tövsiyə edirik. Ancaq seçim düyü olacaqsa porsiona diqqət edilməlidir ki, az olsun”.

 Bəs gecənin olmazsa olmazı spirtli içkilər necə?

Close-Up Of Two Flute Glasses Filled With Sparkling Wine Wuth Ribbons And Christmas Decor

Yeni il süfrəsində içkilər

Diyetoloqlar bu mövzuda da diqqətli olmağa çağırır. Belə ki, bayram gecəsi müxtəlif spirtli içkilərdən eyni anda istifadənin sadəcə zərər olacağını diqqətə çatdırırlar. Şəhriyyə xanım bayram gecəsi şərabdan sadəcə bir bakal içməyin uyğun olduğunu bildirib:

“Ət yeməyi ilə spirtli içki qəbulunu məsləhət görmürəm. Bunun müəyyən orqanlara, eləcə də qaraciyərə zərəri var. Desertlə sadəcə şərab içilə bilər. O da bir bakal olarsa mümkündür”.

Azərbaycan xalqı bayram günləri adətən bol kremli, biskvitli tortlara üstünlük verirlər. Diyetoloqlar isə yeməkdə olduğu kimi şirniyyatda da məhdudiyyətlərin olduğunu diqqətə çatdırır.

“Yeni il günü süfrədə südlü yüngül şirniyyatlar ola bilər. Tiramisu, sütlac seçilə bilər. Biskvit olmayan şirniyyat növü bu gün üçün daha uyğundur. Həmin desertin unu, şəkəri az olmalıdır”.

Baked Cakes on Top of Cake Stands

Bayram süfrəsi

Əhmədova yeməkdən sonra gəzintinin mədəni rahatlaşdıra biləcəyini qeyd edib:

“Yemək yediyimiz süfrə bir az uzun olmalıdır. Yeməkləri ard-arda yemək düzgün deyil. Məsələn yarım saat ərzində həm yeməkləri, salatları, həm də deserti yeyib bitirmək orqanizmə zərər verə bilər. Yemək saatımız uzun çəkməlidir. Gəzmək imkanı varsa yeməkdən sonra bir saat kimi gəzinti tövsiyə edirəm. Gəzintidən sonra isə yenidən yeməyə, desertə davam etmək düzgün deyil. Probiotik kefir içib yatmaq məsləhətdir. Bu həzmi rahatlaşdırar. Səhərisi gün isə həmin yeməkləri isidib yeməyi tövsiyə etmirik. Çünki bayram gecəsi onsuzda mədə yetəri qədər yüklənir. Yüngül səhər yeməyi tövsiyə edirəm. Yüngül salat yeyilə bilər. Kalori yükü azaldılmalıdır. Bol maye qəbul edilməlidir”.

Əksər pəhrizdə olan insanlar məhz bayram günü istədikləri yeməyi yeyə bilsinlər deyə bir günlük diyetə ara verirlər.

Bəs pəhriz saxlayan qadınlar bayram günü nələrə diqqət etməlidirlər?

“Pəhrizdə olan insan diyetini poza bilər. Bu normaldır. Ancaq bir yemək vaxtı pəhrizini saxlasa düzgün qəbul edilə bilər. Məsələn, gün ərzində hər yemək saatı pəhrizi pozub çoxlu yemək, qeyri düzgün qidalanma qəbul edilmir. Əsas odur ki, bir yemək saatı pəhrizə ara verilibsə digər yemək vaxtı əvvəlki rejimə geri qayıdılsın. Bu zaman artıq çəki də yaranmamış və düzgün balans seçilmiş olur”, – deyə Əhmədova sözlərinə əlavə edib.

Coffee in White Coffee Cup

Yeni ildə səhər yeməyi

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa