Gözəllik

Dərin sızanaq izlərindən necə qurtulmaq olar?

Əsasən 12-18 yaş arası yetkinlik dönəmində ortaya çıxan sızanaqlar əslində hər yaşda kişi və qadınların üzləşdiyi dəri problemlərindən biridir.

Sızanaqların ortaya çıxma səbəbləri adətən piy vəzilərinin dəriyə açılan kanallarının tıxanması ilə bağlı olur. Piy vəzilərindəki tıxanmalar isə bakteriyaların artrması üçün əlverişli şərait yaradır. Bakteriyaların artması ilə dəridə qızartı, şişkinlik və ağrı ortaya çıxır.  Sızanaqlar həmçinin hormonal, genetik və s. bu kimi faktorların təsirindən də meydana gəlir.

Bir çox hallarda isə sızanaqlar keçsə də, dəridə yaratdığı ləkələr yaxamızı buraxmaq istəmir. Sızanaq izləri məsamələrin həddindən çox genişlənməsi, çuxur və çöküntü şəklində olmaqla bərabər üzdə qəhvəyi ləkələr şəklində də ola bilir.

Bu izlərin üzərini hər zaman müxtəlif kosmetik vasitələrlə örtmək və gizlətmək mümkün olmur. Bu isə gənclərdə müxtəlif komplekslər yaradır. Bəzi hallarda isə ləkələrin çoxluğu özünəinamsızlıq və ruh düşkünlüklərinə yol açır.

BƏS LƏKƏLƏRDƏN QURTULMAQ ÜÇÜN NƏ ETMƏLİ?

Əgər məişət şəraitində həyata keçirdiyiniz müalicə üsullarının faydasını görmürsünüzsə, mütləq peşəkar kosmetoloq-həkimə müraciət etməlisiniz.

Kosmetoloq-həkim Aytən Məmmədovanın sözlərinə görə, dəridəki sızanaq ləkələrinin aradan qaldırılması üçün hazırda bir sıra müasir üsullardan istifadə olunur. Əgər ləkələr həddən artıq dərin deyilsə, kimyəvi peeling vasitəsilə ləkələrdən qurtulmaq olar.

Kimyəvi Peeling nədir?

Kimyəvi peeling günümüzdə daha çox istifadə olunan kosmetoloji prosedurlardan biridir. Dərinin üst təbəqəsinin soyulması ilə sızanaq izlərinin müalicəsində ən sadə üsul kimi tanınır. Belə ki, kimyəvi peeling dərinin üst səthinin soyulması prosesi olduğu üçün dərinin daha alt təbəqələrində olan sızanaq izlərini tamamilə yox etmir.

Kosmetoloq qalıcı sızanaq izlərində əsas problemin dərinin altındakı toxumaların zədələnməsi və bunun nəticəsində elastiklik itkisi və kobudlaşmanın yaranması olduğunu bildirib. İzlər isə həmin toxumaların müalicəsi aparılmadan tamamilə yox olmur. Bu zaman lazerlə ləkə müalicəsi aparıla bilər.

Lazer müalicəsi

Sızanaq və sızanaq izlərini aradan qaldırmaq üçün istifadə olunan bəzi lazer növləri vardır və onların istifadəsi dəri rəngindən və ləkələrdən asılıdır. Bunlara pigment sızanaqların müalicəsində istifadə olunan lazerlər, Q açarlı Nb yağ lazeri, KTP lazerlər, IPL və fraksion lazer müalicələri daxildir.

Fraksion lazer

Sızanaq izlərinin ən təsirli müalicəsi fraksion lazer prosedurudur. Fraksion lazer proseduru dəri altındakı zədələnmiş kollageni aradan qaldıraraq təzə kollagen meydana gəlməsini təmin edən və xüsusi lazer cihazıyla tətbiq olunan ləkə müalicəsi üsuludur. Bu əməliyyatdan sonra üst dəridə olan kök hüceyrələr aktivləşir və yeni epitel hüceyrələr səthi örtür. 1-3 seansdan ibarət olan müalicə orta hesabla 1 saat davam edə bilər. Sızanaq izləri müalicəsindən sonra günəşə çıxmamaq son dərəcə önəmlidir. Fraksional karbondioksid müalicəsindən sonra qızartı və soyulma kimi hallar ola bilər ki, bu hal 1 həftə sonra keçir.

Təbii ki, bu müalicələrdən hansının sizin üçün daha təsirli olacağını müəyyən etmək üçün peşəkar mütəxəssisə müraciət etmək lazımdır.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa