Kitab

Dekabrda oxumalı olduğunuz 4 Kitab və endirim fürsəti

Soyuq havalarda oxuya biləcəyiniz kitabları təqdim edirik. 

Yoahim Mariya, Maşado de Assis

Qadın xəyanəti dünyada yaxşı nə varsa, hamısını bir anda darmadağın etməyə qadirdir. Hər şey bir göz qırpımında dəyərsizləşir, xüsusilə də saf gənclik məhəbbəti, ilk görüşün həyəcanı, əhd-peyman, ömürlük sədaqət andları, ehtiraslı dodaqların pıçıltı ilə oxuduğu sevgi nəğmələri, xoşbəxt ailə həyatı sənə artıq zəhər qatılmış bal, qorxunc kabus, murdar yalan kimi görünür. Xəyanət gözünün önündə bütün həyatın, insani hisslərin qatilinə çevrilir…

Qiymət: 8 AZN

Maçado de Assisin portuqal dilində qələmə aldığı “Don Kasmurro” romanı ilk dəfə 1899-cu ildə işıq üzü görüb. Sadə insanların, kənardan məsum və günahsız görünən kişi və qadınların riyakar həyat tərzi əsərdə fərqli dildə, fərqli ifadə tərzində oxucuya təqdim edilir. Müəllif sirlərlə dolu qəlbləri parçalayan yalanları, saxtakarlıqları ifşa etməkdə çox sərrast və amansızdır. Onun həlim, sadəlövh görünən dili özündə əslində ironiya və istehzanı, dərin satiranı ehtiva edir. “Don Kasmurro”nu oxuyandan sonra həyata, insanlara, sevgiyə, dostluğa münasibətiniz kökündən dəyişəcək. Əgər əsərin mahiyyətini dərk edərək, yazıçının tikanlı satirasını anlayaraq oxusanız, bu dəyişiklik sizin üçün təhlükəli də ola bilər…

 Portuqaldilli ədəbiyyatın Şekspiri…

Corc Sanders – 10 Dekabr

Corc Sanders müasir ABŞ ədəbiyyatında qeyri-adi dəsti-xətti ilə seçilən, əsərləri onlarla ədəbiyyat mükafatına layiq görülən, kitabları “New York Times”ın bestsellerlər siyahısına düşən qələm ustalarındandır. “Time” jurnalının rəyinə görə, “ingilisdilli ədəbiyyatda ən yaxşı, “ən yaxşılardan biri” yox, “güman ki, ən yaxşı” da yox, məhz “ən yaxşı” təhkiyə ustası Corc Sandersdir.


Bəli, Sandersin sərrast müşahidəsi, incə yumoru neçə ildir ki, ədəbiyyat həvəskarlarının, ədəbi tənqidçilərin xüsusi diqqət mərkəzindədir. Bundan başqa, Sanders üçüncü şəxs kimi personajlarının fikrinə dalmaqla onların şəxsiyyətini açmağın böyük ustası sayılır. Yazıçı bundan ötrü bəzən primitivizm səviyyəsinə enməyə, bəzən mürəkkəb, qeyri-real fantastik mühitlər qurmağa hazırdır. Oxucu bu personajları iki baxış bucağından izləyir: obrazların daxili dialoqları vasitəsilə və onların beyninə “qonmuş” yazıçının təhkiyəsi vasitəsilə. Sanders konsyumerizmi, maniakal şoppinq azarını qamçılayır, ismarışlarını cəmiyyətə ən sadə yollarla göndərir.

Yazıçının üslubu son dərəcə mütəhərrikdir. Onun hekayələri rəvan, birnəfəsə mütaliə vəd edir, çünki onlar obrazların öz fikirləri ilə ifadə edilib – insan isə öz düşüncələrində heç vaxt yersiz təfərrüatlara varmır. “10 dekabr” hekayələr toplusu bu mənada Corc Sandersin bəlkə də ən gözəl əsərlərinin çələngidir.

İlbər Ortaylı – Türklərin qızıl dövrü

TARİXİN ƏN UNUDULMAZ DÖVRLƏRİNDƏ DÜNYAYA HÖKM EDƏNLƏR – TÜRKLƏR “Türkiyənin əsrlər əvvəl açılan tarix kitabı hələ bağlanmayıb. Bu gün də əmin oluruq ki, bu kitab bağlanmayacaq. Ona görə də tarixi bilməyə, haradan gəldiyimizi, necə yurd-yuva qurduğumuzu öyrənməyə məcburuq. Keçmişini bilməyən, yaddaşı olmayan cəmiyyətlər hara gedəcəyini, başına nələrin gələcəyini, hətta nələr edə biləcəyini anlaya bilməz”.

İlbər Ortaylı

Qiymət: 12 AZN

Türklər XIV-XVII əsrlərdə Hindistandan Vyana qapılarına qədər çox geniş ərazilərdə hökmranlıq etdilər. Orta Asiyanın, Qafqazın, Yaxın Şərqin və Avropanın tarixini formalaşdırdılar. Qələbə çalmağın mümkün görünmədiyi bir çox döyüşlərdən qeyri-adi hərbi taktikaları sayəsində zəfərlə çıxdılar… Hansı qitədə olmalarından asılı olmayaraq, ölkələri ədalətlə idarə etdilər. Problemlərini həll edə bilməyən Avropa ölkələrinə öz ideyaları ilə ilham verdilər. Dünyanın hər yerində memarlıqdan musiqiyə, ədəbiyyatdan təbabətə qədər silinməz iz qoydular. Bir çox dövlətlər qurdular – Teymurilər, Qızıl Orda, Məmlüklər, Osmanlılar… Əfsanəvi hökmdarları oldu – Əmir Teymur, Fateh Sultan Məhmət, Sultan Baybars, Qanuni Sultan Süleyman, Babur şah… İlbər Ortaylı Asiyanın düzənliklərindən Avropanın mərkəzinə qədər irəliləyən, dünya tarixinin zirvəsində taxt quran türklərin möhtəşəm çağından bəhs edir…

Şain Sinaria – İvan Bottonun arzuladığı həyat

İvon Botto 1928-ci ildə Monako knyazlığında anadan olmuşdur. Fransızdır. 1945-ci ildən Azərbaycanda yaşayır. On yeddi yaşında-İkinci Dünya Müharibəsi qurtarandan sonra Fransada almanlara qarşı vuruşan aəzrbaycanlı bir əsgərlə ailə qurmuş, onunla birlikdə “dünyanın ən gözəl və azad ölkəsinə” -SSRİ-yə yaşamağa gəlmişdir. Sevimli ərinin ölümündən sonra bir uşaqla dul qalan gənc qadın öz vətəninə qayıtmağa çalışsa da, sovetlər ölkəsinin diktatura rejimi ona ölkədən çıxmağa icazə vermir. 1991-ci ildə- yetmiş dörd il hökmran olan kommunist rejimi dağılandan sonra düşdüyü “hörümçək toru”ndan çıxdığına sevinən İvon ümidlə yenidən öz vətəninə qayıtmağa can atır. Lakin bu dəfə ona öz doğma ölkəsinin dövlət məmurları və Fransa “demokratiyasının bürokratiyası” mane olur…

Qiymət: 16.80

İvon Botto öz vətəninə ancaq 2011-ci ildə – altmış altı illik ayrılıqdan sonra qayıda bilir. Fransada əsl ulduz kimi qarşılanan bu qadının qəribə və keşməkeşli taleyi ölkə mediasında geniş şəkildə şərh olunur.

Və bir ədəd bonus – balacalar üçün kiçik hekayə

Cudis Ker – Moq Yeni ili qeyd edir 

Moq adlı pişiyin evində qəribə hadisələr baş verirdi. Ona görə də qaçıb dama çıxır və oradan düşmək fikri də yoxdur… Axırda Moq heç hiss etmədən tappıltı ilə evin içinə düşür. Görəsən, necə?

Yeni il ərəfəsində körpə uşaqlar üçün oxuya bilcəyiniz bu kitabçanı nəzərdən qaçırtmayın. 

Qiymət: 9.80 AZN

Bəhsi keçən kitabları Libraff mağazalarında tapa bilərsiniz. Hazırda bir çox kitaba 70%-ə qədər endirim vardır.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa