Müsahibə

Çinarə Nurməmmədova: “İllərlə həqiqət hesab etdiyin nəsə bir anda dəyişir”

“Gördüyünüz bütün xəbərlərə şübhəli yanaşın” sözünü həyatımdan çıxarmıram"

“Norveçdə professorlardan eşitdiyim “Gördüyünüz bütün xəbərlərə şübhəli yanaşın” sözünü həyatımdan çıxarmıram”

Müsahibimiz, ARB24 telekanalında “İşgüzar Bakı” layihəsinin rəhbəri, məşhur aparıcı və jurnalist Çinarə Nurməmmədovadır.

Salam Çinarə xanım,  ilk öncə müsahibə imkanına görə təşəkkür edirəm. Mümkünsə qısaca bir girişlə  özünüzü təqdim edin.

Mən sizə təşəkkür edirəm. 1990-cı ildə Bakı şəhərində dünyaya gəlmişəm. 2008-ci ildə yüksək balla Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşam. Onda ən böyük arzum jurnalist olmaq idi, düşünürdüm ki, jurnalistlər dünyanın gedişatını dəyişəcək gücə sahibdirlər, indi bir az fərqli düşünürəm. Demək olar ki, mətbuatın hər sahəsində özümü sınamışam- televiziya, radio, qəzet və s. Ümumilikdə, 10 ildən çoxdur ki, jurnalist kimi çalışıram. Həm müxbir, həm aparıcı, həm də redaktor və baş redaktor kimi təcrübəm var. Hazırda ARB24 telekanalında layihə rəhbəri vəzifəsində çalışıram.

  • Çinarə xanım, neçə dəfə təhsil almaq üçün xarici ölkəyə öz tutmusunuz? Bunun əsas tətikləyici səbəbi nə olub?

İlk olaraq səbəbindən danışım, sonra detallara keçim. Məncə, xaricdə təhsil almağı özünü inkişaf etdirmək, eləcə də başqa mədəniyyətləri dərk etmək istəyən insanların çoxu düşünür. Deyə bilərsiniz ki, bunu səyahət etməklə də reallaşdırmaq olar. Amma məncə təkcə bu, kifayət etmir.Çünki öz ixtisasında peşəkarlaşmaq üçün fərqli ölkələrin təcrübəsini mənimsəməlisən, nəyin doğru, nəyin yanlış olduğunu dərk etməlisən. Bəzən olur ki, illərlə həqiqət hesab etdiyin nəsə bir anda səninçün dəyişir. Başlayırsan daha dəqiq analiz etməyə və görürsən ki, heçnəyi konkret bir çərçivəyə salmaq doğru deyil. Sualın növbəti hissəsinə gəldikdə isə İtaliyanın Sapienza Universitetində iqtisadi hüquq, ABŞ səfirliyinin xətti ilə Gürcüstanın İctimai İşlər İnstitutunda (GIPA) “jurnalistika və media menecment” ixtisası üzrə təhsil almışam, daha sonra oradakı təhsilimi Norveçin NLA Universitetində qlobal jurnalistika ixtisası üzrə davam etdirmək şansım olub.  

  • Gürcüstan, İtaliya və Norveç – təhsil baxımından sizin üçün necə əlamətdardır və əsas fərqləri nədir?

Məncə, hər ölkənin sistemi həmin ölkənin yaşayış tərzinə uyğun formalaşıb. Söylədiyiniz 3 ölkənin təhsil sistemi bir-birindən kəskin şəkildə fərqlənir. Bütün fərqləri sadalasaq, səhərə qədər danışa bilərəm. Ən azından mən öz təhsil aldığım universitet və fakültələrdən danışacağam. GIPA-da təhsil təcrübə üzərində qurulub. Durmadan çalışırsınız, foto və video reportaj hazırlayırsınız, operatorluq edirsiniz, müsahiblər axtarırsınız, üstəlik, bunu dil baryeriniz olduğu bir ölkədə reallaşdırmalısınız. GIPA-da öyrəniləcək çox şey var. Bütün bunlar portfelimə xeyli iş əlavə etməyə kömək oldu. Öz sənədli filmimi çəkdim, müxtəlif rayonlardan insanların yaşayışı ilə bağlı hekayələr hazırladım. Daha bir maraqlı layihə isə Gürcüstanın Marneuli rayonunun Xuldərə kəndinə gedib orada yaşayan məktəblilərə jurnalistika öyrətməyimiz idi. Müəllimlərlə birgə gedir, uşaqlara süjet hazırlamaqdan, onun çəkilişini reallaşdırmağa qədər hər işi öyərdirdik. Ən gözəl hekayə hazırlayan GIPA-da pulsuz bakalavr imkanı qazanırdı.  

Norveçdə isə təhsil sistemi daha çox öz məsuliyyətin üzərində qurulub. Semestr ərzində dərs yükü ağır olmurdu, amma materialları mütəmadi olaraq oxumalı, kitabxanada vaxt keçirməli idin ki, imtahan vaxtı çətinlik olmasın. Hər fənn üçün 4000 sözlük kiçik araşdırma və şihafi imtahan olurdu. Əsas balı araşdırma verirdi. Onlar istəyir ki, tələbə günlərlə kitabxanada oturub nəyisə araşdırsın, öyrənsin, müəllim sadəcə istiqamət verəndir. Gürcüstanda tapşırıqların edilməsi üçün son tarix qoyulurdu, müəllimdən xahiş edərək gecikdirmək mümkün idi, Norveçdə isə son tarixdə sistem bağlanırdı və yükləmədiyiniz halda imtahandan kəsilirdiniz. Orada həm nəzarət güclüdür, həm də tələblər çoxdur, baxmayaraq ki semestr ərzində heç bir təzyiq yoxdur. Bu sistemi necə yaradıblar mənim üçün çox maraqlıdır,  həm daha çox öyrənirsiniz, həm daha az təzyiq altındasınız. Dərslərdə iştirak edib etməmək də öz seçimindir.

İtaliyada isə təxminən Azərbaycanda gördüyümüz sistemdir.  Amma orada da dərslərdə iştirak etmək əksər fənlər üçün məcburi deyil. Sadəcə istisnalar var. Bir də İtaliyada dərsdə iştirak etmək məcburi olmasa da, imtahan vaxtı müəllimlər bunu nəzərə alır. Dərsdə iştirak etməyənlərə əlavə materiallar verirlər. Demək istəyirəm ki, iştirak edənlərin dəsr yükü daha az olur.

  • Nəyə görə Norveç?

Belə bir şans yarandı, yəni oxuduğum GIPA-dan göstəricilərimə əsasən seçildiyimi dedilər. Mən də dəyərləndirdim. Daha öncə gürcü tələbə göndəriləcəyi deyilsə də, yüksək göstəricilərim olduğu üçün növbədənkənar əlavə olundum. Ümumiyyətlə, Norveçdə oxuduğum zaman düşüncələrim çox dəyişdi. Orada insanlar bir-birinə qarşı o qədər mədəni, səbirlidilər ki. Bunun səbəbləri də var. Əsas səbəbi də yaşayış səviyəsinin yüksək olmasıdır. Müəllimlər tələbələrlə dost kimi davranırlar, razılaşmadıqları fikirlərini belə elə qarşılayırlar və elə peşəkar səviyyədə sənə əks fikir söyləyirlər ki, qətiyyən pərt olmursan. Üstəlik, tənqidi fikir  formalaşdırmağa çalışırlar. “Oxuduğunuz xəbərləri analiz etmədən inanmayın. Bu dünyanın ən məşhur mətbuat orqanı da ola bilər. Nəzərə alın ki, hər ölkənin öz marağı var. Xəbəri düzgün versələr belə, hansı aspektdən verməkləri önəmlidir” – Norveç müəllimlərinin jurnalist kimi bizdən ən çox diqqət etməyimizi istədikləri məqam bu idi.

  • Xaricdə oxumaq daha keyifyyətli təhsil ilə yanaşı, həm də daha çox gəzmək və kəşf etmək deməkdir, gəzərək ən çox nələri öyrənmək olur?

Əslində səyahət etməyə təhsildən öncə başlamışam. Biz 5 yaxın rəfiqə idik və il ərzində işləyirdik ki, yayı daha səmərəli keçirək. Əslində hazırda da rəfiqəyik, sadəcə bəziləri ailə qurub xaricə köçdükləri üçün indi birgə səyahət planları hazırlamaq şansımız az olur. Səyahət vaxtı maraqlı təcrübələrimiz də olub. Praqada küçələrində qucaqlaşıb mahnı da oxumuşuq, tarixi muzeyləri gəzib, buna pul xərcləyib, qatarlarda portağal, şaftalı yeyib şam yeməyini idarə edib pulumuza qənaət də etmişik. Səyahət bloqlarında və s. oxuyurdum ki, səyahət etmək insanı mədəniyyətlərlə tanış edir.  Şablon səslənirdi mənimçün, amma indi həqiqətən başa düşürəm ki, Norveçin soyuqluğunu iliklərində hiss etməsən, italyanların çılğınlığını realda görməsən,  mədəniyyəti dərindən duymursan, oxuduqların sənə çatmır.

  • Ən sevdiyiniz ölkə və şəhər hansıdır?

Ən sevdiyim ölkə İtaliyadır, amma ancaq səyahət etmək üçün, yaşamaq üçün yox. Çünki hər tərəfindən tarix yağır, amma maraqlıdı ki, İtaliyanı bütöv şəkildə sevirəm, bütün şəhərləri ilə. Onu hissələrə bölmək istəmirəm. 60-a yaxın şəhər gəzmişəm. Barselona, Stokholm, Sürix, Strasburq, Kolmar və s. şəhərlər də sevimlilərim sırasındadır. Ən sevdiyim şəhər isə Norveçin Bergen şəhəridir. Bəlkə də oraya yayda getmişdim və gecələr uzun idi, günün batışını izləmişdim, gözəl havada balıq qoxan küçələrdə gəzmişdim, sakitlikdən, dinclikdən zövq almışdım deyə belə düşünürəm. Amma çox yağışlı şəhərdir, daimi yaşamaq  sıxıcı olar deyə düşünürəm.

  • Başınıza gələn ən maraqlı hadisə, əgər qısa şəkildə nəql etsəniz çox şad olardıq.

İtaliyanın “Çinque Terre” deyə məşhur ərazisi. Oraları səyahət etmək üçün yola çıxmışdım. Genuya şəhərinə də səyahət edim deyə düşündüm. Orada dar küçələr təhlükəsizlik üçün o qədər də yaxşı deyil, çantamı avtobusda unudub düşmüşəm, cibimdə nə pulum, nə sənədim- heç nəyim yox idi. Ümumiyyətlə, əşyalarımı tez-tez hardasda unuduram. Əlimdə əşyalarım çox olduğu üçün tərslikdən bunu 25 dəqiqə sonra otelə çatana yaxın hiss etmişəm. Normalda isə Flixbus avtobusları çox yerdən keçir, yəni dayanacaqları çox olur. Bir an düşündüm ki, mən nə edə bilərəm? Avtobus 100 faiz başqa şəhərə gedib. Amma ümidlə qaça-qaça dayanacağa qayıdıb avtobus sürücüsünü tapmağa çalışdım. Mən italyan dilini bilmirəm, onlar isə ingilis. Heç cür anlaşa bilmirik. Axırda bir nəfər tapdım və dedi ki, o avtobusun sürücüsü evinə gedib, xoşbəxtlikdən Genuya axırıncı dayanacağı imiş. İndi bilmirəm avtobusun başqa şəhər və ya ölkəyə getməməsinə sevinim, yoxsa sürücünün çıxıb evinə getməyinə kədərlənim. Birtəhər zəng vurduq, dedi ki, yarım saata gələ bilər. Gəldi çantamı verdi. Dəhşət stress keçirdim.

  • Norveçdə qaldığınız müddətdə yerli dildə nələrsə öyrənə bildinizmı?

Orada təhsil aldığın müddətdə pulsuz norveç dili kurslarına yazılmaq şansın olur. Nəinki Norveç, başqa dilləri də öyrənmək olur. Tələbələr dərs keçirlər. A1 səviyyəsinə getdim, daha sonra paralel alman dili öyrəndiyim üçün kursu saxladım. Nəzərə alın ki, dünyada alman dilində danışan əhali daha çoxdur. Norveç dilində isə sadəcə norveçlilər danışır, əhalisi isə 5 milyondur. Həvəskar şəkildə ispan, koreya və s. dillərdə təməl sözlər də öyrənirdim.

  • Hansı dili öyrənmək istərdiniz və niyə?

Alman dilini öyrənməyə çalışıram. Amma ispan və fransız dillərini də öyrənmək istəyərdim. Düzdür, dünyada çin və ərəb dillərinə də tələb çoxdur. Amma bu iki dili daha çox sevirəm.

  • Müasir dövrdə jurnalist olmaq nə qədər çətindir, bəs Azərbaycan kontekstində necə?

Müasir dövrdə jurnalist olmaq ona görə çətindir ki, birincisi artıq rəqəmsal dünya var. İnsanlara nə verə bilərik ki, onlar internetdə bunu tapa bilməsinlər. Vətəndaş jurnalistikası çox inkişaf edib. Təsəvvür edin ki, evimin yanında yanğın baş verib. Jurnalist kamerasını, mikrofonunu götürüb ora gedənə qədər mən telefonumla bunu lentə alıram və paylaşıram. Artıq jurnalist vətəndaşa uduzdu. Jurnalist isə məlumatı dəqiqləşdirməlidir, rəsmi mənbədən münasibət öyrənməlidir. Vətəndaşın belə bir öhdəliyi yoxdur. Oxucunu, tamaşaçını təəccübləndirmək çox çətindir.

  • ARB24-də qonaqlarınız əsasən iş adamlarıdır, iş adamları ilə həmsöhbət olmaq nə qədər maraqlıdır, müsahibələrə necə hazırlaşırsınız?

Mənim qonaqlarım yerli yox, xarici iş adamlarıdır. Çətinlik bəzən onlara gedib çatmaqdadır. Birbaşa özü ilə əlaqə saxlamaq bəzən çətindir, ətrafındakı insanlar isə bəzən kifayət qədər təşəbbüskar deyil. Qonaqlar razılaşandan sonra isə hər şey əla olur. Oturub səmimi şəkildə söhbət edirik. Xarici iş adamlarının kompleksləri olmur, rahatdılar, danışıqları səlisdir. Montajda belə bəzən kəsib-doğramağa ehtiyac olmur.

  • Norveçdə əldə etdiyiniz bacarıq və bilikləri hazırkı işinizdə tətbiq edə bilirsinizmi?

Mən həm də hər səhər “Manşet” verilişini hazırlayıram. Daha çox bu işdə köməyimə çatır. Norveçdə professorlardan eşitdiyim “Gördüyünüz bütün xəbərlərə şübhəli yanaşın” sözünü həyatımdan çıxarmıram. Biz bakalavarda oxuyanda düşünürdük ki, dünyanın aparıcı media orqanları qərəzli ola bilməz. Bəlkə də bu qərəz deyil, amma bayaq da dediyim kimi əsas məsələ odur ki, məsələni hansı yöndən istiqamətləndirirsiniz. Binanın partlaması əsas fokusunuzdur, yoxsa kimin partlatması…

  • Təhsilinizin maliyyələşdirilməsi ilə bağlı ayrıca bir sual nəzərdə tutmamışdım, amma oxuculura bu istiqamətdə tövsiyəniz varsa, paylaşmağınızı çox istərdik.

Təhsilin maliyyələşdirilməsi üçün kifayət qədər təqaüd proqramları var. Əgər göstəriciləriniz uyğundursa, yəni universitet müddətində ortalama balınız yüksəkdirsə, dil biliyinizi göstərəcək sertifikatınız, üstəlik az da olsa iş təcrübəniz varsa, adi “Google”-da “scholarship” sözünü yazanda belə onlarla təqaüd proqramı çıxır. Digər bir məsələ isə seçdiyiniz ixtisasa uyğunluqdur. Bütün bunlar olduğu halda təqaüd tapmaq o qədər də çətin deyil.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa