Müsahibə

Cəlalə Nəzəroğlu: “Məni danladı ki, sən necə jurnalistsən”

İşdə müvəffəqiyyət qazanmağın yolu yanlız şansdan keçməz. Bunun üçün həmçinin əzm, çalışqanlıq, qarşıya qoyulan məqsəd də əsas rol oynayır.

Müsahibimiz məşhur aparıcı, həmçinin Diksiya Akademiyasının təsisçisi və rəhbəri olan Cəlalə Nəzəroğludur.

– Salam Cəlalə xanım. Öncə sual vermək istərdim ki, jurnalistikaya başlayarkən bu mərtəbəyə gələcəyinizi düşünürdünüz? 

   –  Jurnalistika sevgi, dözüm və həvəs işidir. Bu peşəyə vurularaq gələnlərin, əlbəttə, bir hədəfi olur və olmalıdır. Kim ki tutduğu yoldan sapmır, dizləri qatlansa da, əl çəkmir, onun üçün nə hədəf bitir, nə də yol. Hələ gediləcək uzun bir yol var…

Bu yolda qarşılaşdığınız ilk sınaq hansı olub? 

1-ci kursu bitirib Azərbaycan radiosuna təcrübə keçməyə getmişdim. Çox sual verir, hər şeylə maraqlanırdım. Bunu görüb bir gün mənə İslam Rzayevdən müsahibə almağı tapşırdılar. Diktofonu götürüb Muğam teatrına yollandım. Həyətə daxil olanda bir xanımla bəyin çay içdiyini gördüm. Yaxınlaşıb kişidən İslam Rzayevin burada olub-olmadığını soruşdum. Gülümsünüb dedi ki, buyur, qızım. Sonradan bildim ki, yanındakı Səkinə İsmayılovadır. Məni bərk danladı: “Necə jurnalistsən ki, belə böyük insanı tanımırsan”, – dedi. Elə utanmışdım ki… Amma həvəsdən düşmədim. O vaxtdan bəri kimliyindən asılı olmayaraq, qonağım olan hər kəsi bütün mümkün vasitələrlə çoxlu araşdırıb sonra söhbətə başlayıram. Karnegi deyirdi ki, insan danışdığından 40 qat artığını bilmirsə, susmalıdır. Bizim sahə də belədir. Verməyəcəyimiz sualları da düşünməli, onunla bağlı hər ehtimala qarşı genişmiqyaslı araşdırma aparmalıyıq.

Özünüzü hansı yeni layihənin başında görmək istərdiniz?

Mənim uzun illərdir ki, tək istiqamətim dilçilik, natiqlikdir. Məqsədim Azərbaycan dilində qüsursuz danışan insanların sayının çoxalmasına nail olmaqdır. Şadam ki, həm özəl, həm də dövlət qurumları tərəfindən fəaliyyətim dəstəklənir. Bu səpkidə layihələr edirik. Hazırda ASAN Xidmətlə birlikdə «Natiqlik çempionatı» keçiririk. 1 avqust “ANA dili günü”nə möhtəşəm hədiyyə olacaq.

Universitetlərdə tədris olunan jurnalistika ixtisasından razısınız? 

Elə sahə yoxdur ki, orada inkişaf müşahidə edilməsin. Əlbəttə, bu, jurnalistikaya da aiddir. Arzu edirəm ki, bu sahədə təhsil alan tələbələrə təcrübə toplamaları, özlərini kəşf etdirmələri üçün daha çox şərait yaradılsın. Tələbələr də bu 4 ilin qədrini bilməli, fürsət varkən daha çox öyrənməli və sınaqdan keçirməkdən qorxmamalıdırlar.

Qatıldığınız seminarlarda gördüyünüz əsas qüsurlar hansılardır?

Ümumi olaraq bunu deyim ki, seminar verən hər bir təlimçi auditoriyaya yeni məlumatlar verməli, mesajı olan çıxışla yadda qalmalıdır. Bundan başqa, təlimçi danışdığı dili əla bilməli, səsi, tələffüzü, bədən dili ilə füsunkar olmağı bacarmalıdır.

Bu yolda əsas dəstəkçiniz kimdir? 

Bu yolda tək dəstəyim SEVGİ olub. Bunu da atamdan almışam. Daim əli kürəyimdə olub və hər gün, hər gün və yenə də hər gün məni mənəvi cəhətdən qidalandırıb. Onu itirdim və… nə isə….

Diksiya Akademiyası barədə bəhs edərdiniz. Necə oldu ki akademiya qurmaq qərarına gəldiniz? 

Diksiya Akademiyası MMC şifahi və yazılı nitqlə bağlı bütün təlimləri özündə birləşdirən ilk və yeganə mərkəzdir. Səlis, təsirli, inandırıcı, qüsursuz danışmaq istəyən hər kəs üçün xidmət göstərməkdədir. Bəzi insanların kompleksi onların görünüşü ilə bağlı olduğu kimi bəzilərində bu danışıqla əlaqəlidir. Akademiyaya müraciət edən hər bir kəsi öz danışıq komplekslərindən maksimum səviyyədə azad edirik. Biz insanlarda əsas ünsiyyət bacarıqlarının formalaşması, nitq qüsurlarının aşkarlanması və cilalanması, çıxış həyəcanının aradan qaldırılması, bədən dilinin aktiv vəziyyətə gətirilməsi məqsədi ilə mütəmadi praktiki məşqlər edərək tez bir zamanda istədiyimiz nəticəni alırıq. Diksiya Akademiyasının xüsusi feysbuk səhifəsi də mütəmadi olaraq izləyicilərə doğma dilimizdə doğru bilinən yanlışları izah edir, düzgün danışmaq üçün ən asan yolları təklif edir. Bu faydalı məsləhətlərdə nəzəriyyə deyil, praktiki məşqlər yer alır. Səhifəmizin “O söz elə deyil”, “Ana dili”, “Nə deməkdir” və sairə layihələri izləyicilər tərəfindən xüsusi rəğbətlə qarşılanır.

Hansı şəxslər bu akademiyaya gəlməlidirlər? 

Ayda bir neçə dəfə dilimizlə bağlı müsabiqə elan edirik. Bu zaman izləyicilər sözlərlə bağlı sağlam müzakirələr aparır, maraqlı təkliflər irəli sürürlər. Bizə yaşından, cinsindən, sosial statusundan, vəzifəsindən asılı olmayaraq hər kəs müraciət edir. Məmurlar, efirlərdə çıxış edən ekspertlər, təlimçilər, şirkət rəhbərləri, müəllimlər, psixoloqlar və sair. Bir sözlə, özünü yenidən yaratmaq, 39 qapını açıb hələ də istəyinə nail olmayan və nəhayət, ən vacib qapını, yəni 40-cı qapını axtaranlar özlərini Diksiya Akademiyasında tapırlar. Hətta evdar xanımlar da müraciət edirlər. Onlar övladlarının valideyn iclaslarında, həyat yoldaşları ilə birlikdə getdikləri ziyafətlərdə və sair məkanlarda özlərinin həm də gözəl nitq qabiliyyətləri ilə diqqət çəkmək istədiklərini deyirlər. Rəvan, cazibədar nitqə sahib olmaq kişini də, qadını da inanılmaz dərəcədə dəyişir. Diksiya Akademiyasının ən vacib müştəriləri arasında şirkətlər də var. Onlar vətəndaş və müştəri ilə ünsiyyətdə olan əməkdaşları üçün nitq təlimləri alır və bizneslərini daha da inkişaf etdirirlər. 

Sizcə bu sahəyə gəlirli iş kimi baxmaq olarmı? 

Hər bir sosial fəaliyyət özlüyündə həm də biznesdir. Çünki burada çalışan insanlar eyni zamanda öz qayğılarını həll etməlidirlər. Əks halda, başqa istiqamətə yönəlib çalışacaq, bu işləri həvəskar qismində görəcək. Həvəskarlıq isə müvəqqətidir. Diksiya Akademiyasının daha çox böyüməsi, insanların həyatına toxunması, əməkdaşlarımızın sayının artması üçün tanınmağa, təbliğata ehtiyacımız var. Bunun üçün bizi yada salan, məsləhət görən hər kəsə, sizə təşəkkür edirəm.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa