Gözəllik

Bir vaxtlar əxlaqi normalara sığmayan rəqs – Vals

Müəllif: Nigar Rahmanova

Məncə, valsı buludların üzərində səyahət hesab etmək olar… Çevik hərəkətlər və eşqdən doğan sürətli ürək döyüntüləri… Rəqsin, hərəkətlərinə fikir verməyəcək dərəcədə üstün bir səviyyəsi… Qaydaların yox, hisslərin yaratdığı rəqs..!

Bu gün yüksək zövqün və eleqantlığın təcəssümü hesab edilən vals bir vaxtlar Vyanada heç də yaxşı qarşılanmayaraq, əxlaqi dəyərlərin və həmin vaxta qədərki rəqs qaydalarının itirilməsi kimi hesab edilirdi.

Almancadan tərcümədə “fırlanmaq” (“walzen”) mənasını ifadə edən bu rəqsin kökəni  Avstriyanın qərbi Tirol regionunda kəndlilərin 13-18-ci əsrlərdə oynadığı folklor nümunəsi olan rəqsə dayanır. Lakin 18-ci əsrdə Vyana rəqs zallarına gətirilən vals aristokratların indiyə qədər ciddi əməl etdikləri rəqs qanunları ilə heç də uyğun gəlmirdi. Gənc burjuaziya tərəfindən məşhurluq qazandırılan vals, ənənələri pozmaq istəməyən yaşlı nəsil tərəfindən qəbul edilmirdi. İlk dəfə idi ki, rəqs meydanlarında bir qadınla kişi bütün qaydaları pozaraq, bu qədər yaxın toxunuşlu və ehtiras doğuran şəkildə rəqs edirdilər.

1818-ci ildə Madam Genlis – fransız kral ailəsinin müəlliminin vals haqqındakı fikirləri çox maraqlıdır. O, hesab edirdi ki, vals istənilən gənc bir qızın ağlını başdan ala və onun əxlaqını korlaya bilər. Fikirlərini o, belə əsaslandırırdı: “Açıq geyimli bir gənc qız özünü gənc bir oğlanın qollarına təslim edir. Oğlan qızı ehtirasla öz sinəsinə sıxaraq, onu fəth edir və qızın ürək döyüntülərinin şiddətlənməsinə səbəb olur. Nəticədə, qızın başı fırlanır. Bax elə, – “Vals – “fırlanmaq”deməkdir”, – dedikləri də budur.

Maraqlı faktlardan biri də budur ki, 1833-cü ildə Britaniyada davranış qaydaları haqqında çap edilmiş kitabda bakirə qızların vals oynaması məsləhət görülmürdü. Belə hesab edilirdi ki, vals yalnız evli qadınlar tərəfindən oynanılsa, daha uyğun olar.

Lakin bütün bu qadağalar və qınaqlar bu gözəl rəqsin yayılmasına mane ola bilmədi. İlk dəfə 1760-cı ildən başlayaraq, Avropada xüsusi rəqs zalları açılmağa başladı. Burada insanlar yemək yeyə, kart oynaya, musiqi dinləyə və nəhayət, vals rəqsini oyanaya bilərdilər. Getdikcə, bu rəqs dünya ölkələrində öz məşhurluğunu qazandı. Təbii ki, Vyana valsın mərkəzi olaraq qalırdı.

Vals Amerikada, xüsusilə Vətəndaş Müharibəsi vaxtı yayıldı. Lakin 20-ci əsrdə alman kökənlərinə görə Amerikada biraz kölgədə qalsa da Vals öz populyarlığını qoruyub-saxlaya bildi.

Ən məşhur vals müəllifləri sırasında Frederik Şopen, Pyotr İlyiç Çaykovski, İohann Ştraus və onun oğlanları, xüsusilə də II İohann Ştraus (“Vals kralı” kimi tanınır) dünya musiqisinə valsla öz gözəl töhvələrini verdilər.

Hətta dahi Azərbaycan bəstəkarları da bu gözəl rəqsdən yan keçməmiş, öz möhtəşəm əsərlərində valsa yer vermişdirlər. Qara Qarayevin “Yeddi gözəl” baletində, Tofiq Quliyevin bir sıra mahnılarında da bu rəqsin ritmləri müşahidə olunur.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa