Müsahibə

“Təkcə pulla ərsəyə gələn bir iş deyil” – Bağça seçimində nələrə diqqət etməli?

Hər bir təhsil müəssisəsinin arxasında böyük zəhmət, savad, qayğıkeşlik dayanır. Ancaq təəssüf ki, hər kəs bu vəzifənin məsuliyyətini tam dərk edə bilmir. 

1lady.az bu dəfə bu işin öhdəsindən bacarıq, sevgi, zəhmətlə gələn, Bakının Şağan ərazisində yerləşən “Buratino” uşaq bağçası və inkişaf mərkəzinin rəhbərləri Ülkər və Günel Məmmədova bacıları ilə müsahibə aparıb.

– İnkişaf kursunuzun tarixçəsi barədə məlumat versəniz məmnun olardıq. Necə oldu ki, bağça açmaq qərarına gəldiniz?

Günel:

“Buratino tədris və inkişaf mərkəzi 19.06.2016-ci ildə fəaliyyətə baslayıb. 3 ildən çoxdur fəaliyyət göstərir. Bağça açmaq hər zaman fikrimizdə və planımızda olsa da, ilk öncə inkişaf mərkəzi açmaqla isə başlamaq istədik. Fəaliyyətə başladığımız gündən, verdiyimiz qərarın, qurduğumuz işin nə qədər düzgün və faydalı olduğunu gördük. İşimizdə 3 il ərzində çox uğurlar qazandıq. Bunu valideynlərin və uşaqların bizə qarşı olan inamlarını və sevgilərini gördükcə anladıq. 3 il ərzində bizə çox valideynlər müraciət edirdi bağça üçün, biz də valideynlərin istəklərini hər zaman fikirləşirdik və son 1 ildə bağça aça bilmək üçün düzgün məkan axtarırdıq və çox şükür istədiyimiz məkanı tapdıq”.           

– Bir çoxları bağçanın iki gənc qadının öz əziyyətləri hesabına ərsəyə gətirdiyinə inanmaqda çətinlik çəkirlər. İlk ağıla gələn isə  “Yəqin varlıdırlar” düşüncəsidir. Əslində isə hansı çətinliklər mövcuddur?

Ülkər:

“Bu sualla  çox qarşılaşırıq, təbii ki bir işə başlamaq üçün maddiyyat önəmlidi, yalnız bu bizim varlı olduğumuz anlamına gəlmir. Düşünürəm ən önəmlisi qərar verməkdi, quracağın işi sevməkdi və ən əsası ürəkdən istəmək və arzulamaqdı. Biz 2 bacıya da bu işi qurmaqda maddi və mənəvi dəstəyi valideynlərimiz verib. Hər bir qərarımızda yanımızda olduqları kimi, bu işdə də yanımızda oldular. Onların dəstəyi ilə bu günlərə gəlib çıxmışıq. Təkcə pulla ərsəyə gələn bir iş deyil. Hər zaman işləməli və yeniliklər axtarışında olmalısan. Hər bir işin çətinliyi var, bizim işin çətinliyi və məsuliyyətli bir az daha çoxdur. Çünki valideynlər ən dəyərli varlıqlarını bizə əmanət edirlər. Körpələrimizi  gözümüz kimi qoruyub valideynə təhvil vermək ən önəmli işimizdi. İşimizin çətinliyi bizi qorxutmur, çünki işimizi sevirik ən önəmlisi də budur.

– Bu yolda qarşınıza çıxan ən böyük çətinlik nə olub?

Günel:

“Çox çətinliklər olub. Çox vaxt siz cavansız bu işi apara bilməzsiniz kimi fikirlərlə qarşılaşmışıq. Bu fikirlərin haqlı çıxmamağı üçün gecə-gündüz işləmişik. Çox şükür Allah əziyyətimizi qarşılıqsız qoymayıb.”

– Təhsil qurumu açmaq istəyənlər hansı qaydanı ilk olaraq bilməlidirlər?

Günel:

“Təhsil qurumu açmaq üçün ilk olaraq az da olsa bu işdən anlayışın olmalıdır. Sonra sənə lazım olan sənədləri toplamaq, ən sonda açacağın məkanı düzgün seçmək lazımdır.”                                                                                       

– Sizcə belə qurumu açmaq üçün pedaqoq olmaq əsas şərtdir ya sıravi vətəndaşın açacağı təşkilat da eyni effekti verər?

Ülkər: 

“Belə bir qurumu hər kəs aça bilər, əsas nüans açmaq deyil. İşin başında kimin olacağıdır. İşin başında olan şəxsin mütləq şəkildə pedaqoq olmağı və işini sevməyi şərtdir.”                                                                                                 

-Hazırda bağçanızda neçə uşaq təhsil alır? Bəs, onlara neçə pedaqoq və köməkçi heyət xidmət göstərir? Keyfiyyət tələbləri ilə bağlı standarlara nə qədər cavab verirsiniz?

Günel: 

“Hazırda bağçamızda 36 uşaq təhsil alır. Hər qrupda bir müəllim və müəllim köməkçisi var. Əlavə olaraq uşaqlarımıza fərqli dərslərdə (şahmat, rəqs, taekvondo, ingilis dili, mental aritmetika, pionina, loqoped, psixoloq, master klass (kulinar, daş, sabun, şam), kukla teatrı) keçirilir. Uşaqların bağçamızda səmərəli vaxt keçirtməklərinə çalışırıq”.

– Uşaqların əylənməsi və istirahəti üçün yetərli ölçüdə məkan varmı?

Günel: “Uşaqların əylənməsi üçün yetərli məkan və oyuncaq var”.  

– Uşaqların adaptasiya dövründə müəllimədən nələr asılıdır?

Günel:

Bu dövrdə uşaqların bağçaya marağını artırmaqda biz müəllimlərin rolu böyükdür. İlkin olaraq uşaq gözünü açandan hər zaman ana qayğısı, sevgisi, diqqəti içərisində olur. Birdən-birə bu diqqət və qayğıdan ayrılmaq hər uşaqda özünü müxtəlif formada biruzə verir. Bağça, onların həyatında ilkin cəmiyyətə atılmaqlarında bir yoldur. Bu yolda həm bağça, həm müəllimə olaraq onlara kömək etməliyik.  Amma qısaca belə deyək ki, müəllimənin körpəyə verdiyi qayğı ən azı ana qayğısı qədər olmalıdır. Bu mərhələni keçdikdən sonra müəllimənin qurduğu proqram uşağın yaşına uyğun olaraq daha əyləncəli və maraqlı olmalıdır. O, bağçada darıxmamalı, əylənməli, öyrənməli vaxtını çox gözəl və səmərəli keçirməlidir.

– Bağçanızda həkim və psixoloq fəaliyyət göstərir. Bilmək istərdik uşaqlar arasında ən çox hansı psixoloji problemi müəyyən etmisiniz?

Günel:

Psixoloji problemlərdən ən vacibi sosiallaşmağın zəif olmasıdır. Bu da ən çox evdə ərköyün şəkildə böyüyən uşaqlarda çox rastlanılır. Təbii ki bağçamızda psixoloqun da köməkliyi ilə uşaqlarımızdakı sosiallaşma problemini aradan qaldırırıq.                                                                                  

– Bağçada işləyən personal arasında kişi əməkdaş varmı?

Ülkər: “Bəli, bağçamızda kişi personalımız da var. Şahmat və taekvondo müəllimlərimiz kişidirlər. Baxçanın qapısında uşaqlarımızın güvənliyini qorumaq üçün, mühafizəçimiz də var.”

– Şəhərdə saysız miqdarda özəl bağça var. Sizin bağçanızın fərqi nədir?

Ülkər: 

“Şəhərimizdə saysız miqdarda baxça var, mütləqdir ki hər birinin öz gözəlliyi və keyfiyyətli xidməti var. Bizim özümüzü tərif etməyimizlə olmaz, ən düzgün dəyər və fikri valideynlər verə bilərlər. Bunu deyə bilərik ki, uşaqlarımızın sağlam ruhda böyüməkləri üçün əlimizdən gələn hər bir şeyi edirik”.

– Valideynlər bağça seçərkən nələrə diqqət etməlidir?

Ülkər: 

Bağça seçərkən ən əsası şəraitinə, sanitar təmizliyinə, yeməklərinə, təhsilinə və ən əsas da bağçada xidmət göstərən personala diqqət göstərməlidir. Uşaqlar bizim gələcəyimizdir, onları sağlam ruhda və mühitdə böyütmək lazımdır.

– İdeal bağça müəlliməsi namizədi necə olmalıdır?

Ülkər: 

“Müəllimlərdə uşaqlara qarşı sevgi hissinin olmağı başlıca şərtlərdən biridir. İşçilər seçilən zaman ilk diqqət edilən özəllik, onların uşaqları sevməsidir, daha sonra onların ali savadı, danışığı önəmlidir. Çünki uşaq günün çox hissəsini bağçada keçirir və istər-istəməz müəllimini və dayəsini təkrarlayır. Müəllim seçərkən biliyindən, davranışından, sağlamlıgından əmin olduqdan sonra “Mən uşağımı ona etibar edə bilərəmmi?”,- sualının cavabını axtarıb tapmağa diqqət göstərirəm.        

– Müəllimlərin uşaqlara göstərdiyi qayğıda əsas nüans hansıdır?

Ülkər: 

 “Əsas nüans sevgidir, sonra isə təhsil və tərbiyəsi” 

– Uşaqların hər biri bağçaya eyni dərəcədə öyrəşmir. Adaptasiya müddəti nə qədər çəkir?

Günel: 

“Uşaqlar bir-birindən çox fərqli olurlar. Elə bir uşaq var ki, gələn gündən bağçaya öyrəşir, elə uşaqlarda var ki, adaptasiya müddəti 1 həftə, 1 ay hətta 1 neçə ay da çəkə bilir. Uşaq bağçaya tamamilə uyğunlaşana qədər, bir müddət uşağı bağçadan erkən götürmək olar, tam alışana qədər uşağı bağçaya yalnız ana və atası gətirməlidir. Axşam səni evə özüm aparacam deyib, sonra uşağı başqa birinin götürməsi mənfi hallara gətirib çıxarır. Uşaq həm bağçaya, həm də valideyinə olan inamı itirir, nə olur olsun uşağa yalan danışmaq olmaz. Uşağın adaptasiyası tək bağçadan deyil valideyindən də asılıdır. Ona görə biz hər zaman valideyinlərə bizimlə bir sözü deyib, bizimlə bir addım atmaqlarını məsləhət görürük.”                                                                                                                 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa