Biznes ledi

Azərbaycanın işgüzar xanımlarından uğur qazanmaq sirrləri

Günel Fərzəliyeva: “Uğurun sirri çətinliklərə ‘yox’ deməyi bacarmaqdadır”

Uğuru hər birimiz müxtəlif kriteriyalar əsasında təyin edirik. Əgər özümüz üçün qoyduğumuz hədəfləri, kriteriyaları yerinə yetirmişiksə, yəqin ki, müəyyən mənada uğur əldə etmiş oluruq. Uğurlu olmaq həm də öz üzərimizdə çalışmaq və hər dəfə kiçik də olsa qələbələr əldə etməkdir. Uğurlu olmaq dəyişmək və inkişafda olmaq deməkdir. Məncə, bu proses heç də asan deyil.

Uuğurun sirri yəqin ki, çətinliklərə “yox” deməyi bacarmaqdadır. Məqsədyönlü olmaq, hara getdiyini bilmək və çətinlikləri aşmaq lazımdır. Birinci maneəni görüb geri çəkilməmək lazımdır. Bir də istənilən bir işə müsbət emosiyalarla yanaşmaq lazımdır. Ən azı, bu, mənə çox kömək edir.

Image may contain: 1 person, smiling, sitting, eyeglasses and indoor

Günel Fərzəliyeva, Marketinq Departamentinin Direktoru, Kapital Bank

Mənbə: Banker.az saytına müsahibəsindən

 

Nigar Səmədova: “Uğurlu olmaq üçün oxumaq, daimi özünü təkmilləşdirmək lazımdır”

Bütün sahələrdə, o cümlədən bank sektorunda uğurlu olmaq üçün, ilk növbədə bunu istəmək lazımdır! Lakin televizor qarşısında və ya bütün günü planşet ilə oturaraq müdir olmaq arzusuna düşərək deyil, həqiqətən özünə hədəflər qoyaraq və bu hədəflərə çatmaq üçün çoxlu çalışaraq. Oxumaq, daimi özünü təkmilləşdirmək həqiqətən də çox vacibdir.Həyat inkişaf edir, günbəgün yeniliklərlə dolur, və bu yenilikləri öyrənmək, həmişə trenddə olmağa çalışmalıyıq.Bunu etməliyik ki, sonradan dönüb arxamıza baxanda mən bunu də edə bilərdim, bunu da öyrənə bilərdim, lakin vaxtında etmədim deyərək, heyifsilənməyək, həyatın bizə verdiyi şansları əldən buraxmayaq.

Nigar Səmədova – Bank Kartları Departamentinin rəhbəri, Bank Respublika

Mənbə: Banco.az portalına müsahibəsindən

Günay Cəlilova: “Pozitivsənsə, işlər düşündüyündən də yaxşı alınacaq”

Həm şəxsi inkişaf, həm də karyera bir-biri ilə sıx bağlıdır. Siz evdə xoşbəxtsinizsə, o işdə də öz əksini tapır. İdeal olmaq mümkün deyil. Mənim iki uşağım var, onların formalaşan vaxtlarıdır, daha çox ünsiyyətə və diqqətə ehtiyacları var və məndən onlara daha çox vaxt ayırmağımı istəyirlər. Paralel olaraq, işdə də uğur qazanmaq üçün ona öz uşağın kimi qayğı göstərməli və vaxt ayırmalısan. Burada əsas məsələ qızıl balansı tapmaqdır. Bütün vaxtını işə sərf etməklə daha uğurlu olmayacaqsan, çalışıb işə ayıra bildiyin vaxtı daha effektiv istifadə etmək lazımdır.

Fikirləşirəm ki, uğurlu olmaq üçün insan ilk növbədə çalışqan və eyni zamanda özünə qarşı tələbkar olmalıdır. Bundan başqa, daim özünə investisiya etməlidir – bir kitab almaq və onu oxumaq belə özünə investisiya etmək deməkdir.

Həmçinin, insan risk etməyi bacarmalıdr, hər hansı bir addımı atmağa qorxmamalıdır, digərlərinin nə düşünəcəyi haqda fikirləşməməli, daha böyük işlərə başlamağa cəsarət etməlidir.

Uğurun sirrlərindən biri də pozitiv yanaşmadır. Həmişə gördüyüm bütün işlərə optimistik yanaşmışam. Hətta nəsə planlaşdırdığım kimi alınmırsa belə, buna bir səhv və ya uğursuzluq kimi deyil, yeni təcrübə kimi baxıram. Bütün işlərə pozitiv düşünərək başlamışam və yaxşı olacağına inanaraq irəliləmişəm. Pozitivsənsə, işlər düşündüyündən də yaxşı alınacaq.

Image may contain: Gunay Jalilova, outdoor

Günay Cəlilova – Korporativ Bankçılıq və Marketinq departamentlərinin rəhbəri, AccessBank

Mənbə: Banco.az portalına müsahibəsindən

 

“İnsan bütün dəyişikliklərə açıq olmalıdır” – Leyla Məmmədova

Heç bir zaman vəzifə, imkan daimi deyil, daimi olan münasibətlərdir

Səbirli olmaq, özünə və ətrafındakılara inanmaq, pozitiv düşünmək, hər şeydə bir xeyir görmək. Bunları söz xatirinə demirəm. Düşünürəm ki, ətrafımıza düzgün insanları yığmaq, mümkün qədər yeni insanlarla tanış olmaq lazımdır. Nədənsə qorxmaq lazım deyil. “Filankəs necə oldu filan yerə getdi” tipli sualları heç vaxt özümə vermirəm. Düşünürəm ki, hər kəsin uğura aparan öz yolu var, əgər mən onun-bunun yoluna, necə yeriməsinə baxsam, öz yolumda qarşıma çıxan daşları görməyib yıxıla bilərəm. Bunlara riayət edərək indiki nöqtəyə gəlib çıxmışam. Bunu çox da böyük uğur saymıram, hələ qarşıda gediləsi yol çoxdur. Bir də mən vətənpərvər insanam, ölkəmi, millətimi sevirəm. İstəyirəm dünyadan köçəndən sonra məndən gözəl bir şeylər qalsın, övladlarım, valideynlərim mənimlə fəxr etsin.

İşləyərkən mütəmadi olaraq yeni bir şeylər öyrənmək lazımdır. Çünki hazırda hər şeyin sürətli dəyişdiyi zamanda yaşayırıq. İşləməklə yanaşı, sahəmiz üzrə müxtəlif kitablar, elmi əsərlər oxumalıyıq. Hər kəsə bunu tövsiyə edirəm və özüm də buna əməl edirəm. Ayda sahəm üzrə 2-3 kitab, məqalə oxumağa çalışıram. Çünki ayrı cür mümkün deyil. Bu sahənin peşəkarlarından geri qala bilərsən. Sadəcə işləməklə inkişaf etmək mümkün deyil. İnsan bütün dəyişikliklərə açıq olmalıdır. Çünki bu, inkişaf üçün vacibdir.

Leyla Məmmədova – Direktor, Dövlət Aqrar Ticarət Şirkəti

Mənbə: Kaspi.az saytına müsahibəsindən

 

Aysel Cəbrayılova: “Uğur sevginin, zəhmətin və məsuliyyətin nəticəsidir”

Fikrimcə, iş həyatı ilə ailə arasında balansın qorunduğu halda qadın üçün uğurlu olmaq qorxulu deyil. Əksinə, övladı üçün yaxşı nümunədir. Uğur sevginin, zəhmətin və məsuliyyətin nəticəsidir. Övlad əyani olaraq, bu keyfiyyətləri görür və öyrənir. Təbii ki, illərlə formalaşmış stereotiplər də var. Amma onlara ilişib qalmaq, fikir vermək insanı həvəsdən sala bilər. Ona görə də inandığın yolda əmin addımlarla irəliləmək lazımdır.

Sevdiyiniz işlə məşğul olun. Çətinliklərdən qorxmayın, hər şeyin öhdəsindən gəlmək mümkündür. İnadkar olun, uzunmüddətli düşünün, davamlı işlər görün, pozitivə yüklənin. Yalnız tapşırılan işi görməyin, öz əlavələriniz, təklifləriniz olsun. İşinizlə parallel ailənizə, sevdiklərinizə də zaman ayırın. Unutmayın, daha öncə də dediyim kimi uğurun təməli sevgi, zəhmət və məsuliyyətdir.

Qadının təbiətində olan emosionallıq və yaratmaq özəlliklərinin biznesə çevrilməsində vacib element cəsarətdir. Ona görə də cəsarətli olun, səbrlə fürsətləri dəyərləndirin. Peşəkarı olduğunuz işi görün və ya quracağınız işi çox yaxşı öyrənin. Qıraqdan baxan nə deyər? – deyə düşünməyin, onların fikrini manipulyasiya edin. Xəyallar qurun, qoy xəyallarınız o qədər böyük olsun ki, ürəyinizi yerindən çıxarsın və edin!

Tək olmayın. Heç kim tək bacarmaz. Komandanız olsun, onları dəstəkləyin, müsbət enerjiylə köklənin. Sevincinizi, uğurunuzu paylaşın. Sevin! Sizdə hər şey alınacaq!

Unutmayın ki, qadının əli dəyən hər iş gözəl alınır. Yalnız irəli!

Mənbə: 1Lady.az portalına və Facemarka müsahibəsindən

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa