Gözəllik

Elnarə Nəhmədova: Metroseksuallıq bizim cəmiyyətdə düzgün anlaşılmır

Azərbaycanda kişilər arasında metroseksual olmaq nə qədər dəbdədir?

Özünə qulluq edən, xarici görünüşü ilə dərindən maraqlanan, saçına, dırnaqlarına xüsusi diqqət yetirən kişilərə müasir dövrdə metroseksual deyirlər. 

Günümüzdə səliqəsinə, görünüşünə, təmizliyinə xüsusi önəm verən kişilərin sayında da artım müşahidə olunur. Lakin bir çox insan metroseksual sözündən qaçır. 

Azərbaycanda tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı Elnarə Nəhmədova bildirib ki, öncəki illərlə müqayisə kişilərin özünə qulluğunda böyük fərq var: 

“Bu səbəblə biz son salonu məhz kişilər üçün açdıq. Bizim şəbəkəmiz ailəvi salon formatında fəaliyyət göstərir. Son zamanlar kişi müştərilərin çoxalması diqqət çəkdi. Buna görə daha geniş xidmət göstərən kişi salonu açdıq. 

Metroseksuallıq bizim cəmiyyətdə çox da düzgün anlaşılmır. Öz xarici görünüşünə diqqət edən, gigiyenasına vaxt ayıranlara metroseksual kişilər deyilir. Bu da artıq uğurlu insanın ayrılmayan bir imicidir.

Bütün banklarda, xarici və yerli şirkətlərdə buna böyük əhəmiyyət verilir. Buna görə də bizə müraciət edən çoxdur. Daha çox lazer epilyasiyası, əl-ayaq qulluğu və kosmetoloji üz təmizlənməsinə maraq var”. 

Elnarə Nəhmədova vurğulayıb ki, göstərilən xidmətin qiyməti hər təbəqəyə uyğun hesablanıb: 

Yetər ki, insan bir dəfə salonun qabağından keçsin. Bundan sonra daimi müştəriyə çevriləcək. Bizim salonda daha çox kişi ustalar çalışır. Amma kişi müştərisi çox olan qadın ustalarımız da az deyil. Məncə, kişi stilist kişi müştərini daha yaxşı başa düşür, nə istədiyini bilir. 

Mənim üçün kişilərin istənilən proseduru etdirməsi normal haldır. Amma yavaş-yavaş populyarlıq qazanan estetik üz korreksiyasıdır. Bu, çox dərin qırışların açılmasına, üzdə bəzi problemlərin aradan qaldırılmasına xidmət edir. İstər qadın, istər kişi, heç kim yaşlanmaq istəmir”.  

Bloqçu Ramin Musayevin fikrincə, kişi əsasən orta yaş böhranında özlərinə diqqət yetirməyə başlayır: 

Ramin Musayev

“Amma buna hər yaşda önəm vermək lazımdır. Son illərdə bu tendensiya artır, kişilər dəbli geyinir, fitnes ilə məşğul olur, stilist və kosmetoloq xidmətindən istifadə edirlər. Son illərdə həm təklifin çox olması, həm də xarici ölkələrin təcrübəsi ilə tanışlıq bu prosesə yaxşı təsir edir. 

Kişilərin saçları və dəriləri ilə problemləri çoxdur. Ona görə stilist və kosmetoloqa müraciət edirlər. Müalicədən sonra da mütəmadi onların qəbuluna gedirlər. 

İtalyan kişiləri haqqında qadınların tərif və rəyini çox eşitmişik. Onları uşaqlıqdan eqoist böyüdürlər, həm də ataları onlara nümunə olur. Bu, bir ənənədir. 

Əlbəttə hər bir kişi qadına xoş gəlmək üçün sağlam, dəbli və təmiz görünmək istəyir. Bu gün “fit” olmaq dəbdir. Bir çox tanışım fitnes, diyeta və sağlam qida hesabına artıq çəkidən yaxa qurtarıb. Buna həm də sosial şəbəkədəki yerli və əcnəbi bloqçuların  çağırışları da dəstək olur. Mən sağlam həyat sürürəm, sistematik fitnes zalına gedirəm, bu həyat tərzini də təşviq edirəm”. 

Ramin Musayev bildirib ki, müraciət etdiyi stilistin mütəxəssis olması daha vacibdir:

“Əvvəllər kişi mütəxəssisə müraciət etsəm də, son 3 ildə stilistim qadındır. Bir yaxın dostumun məsləhət bildi. İlk tanışlıqdan bir-birimizi anladıq, saç üslubumu ona etibar etdim. Nəticə çox xoşuma gəldi, o gündən ancaq onun xidmətindən istifadə edirəm. 

Saç düzümü kişinin obrazında vacib ştrixlərdən biridir. Uşaqlıqdan arzum uzun saçlara malik olmaq idi, amma məktəbin tələbi ilə onu məcburən qısa kəsdirirdilər. 

Man Wearing White Dress Shirt and Black Necktie

Saçım vaxtından öncə ağardığına görə, ona xüsusi baxım lazım olur. Ağ saçlar vaxtaşırı saralır, ona görə mütəmadi ağ saçlar üçün “Silver” şampundan istifadə etmək lazımdır. Həm də gel istifadə edərək, onları daha cəlbedici etmək olar. Bu arada düzgün və müasir saç düzümünün olması da vacibdir. 

Heç zaman daraq və fendən istifadə etmirəm. Stiv Cobs demişkən “Tanrı bizə barmaq veribsə, niyə başqa alətdən istifadə etməliyik”. Mən də daraq yerinə əllərimi istifadə edirəm, fen yerinə məhrəbanı. Yaradıcı adam olduğum üçün səlis “ukladka” olunmuş saçları xoşlamıram. 

Qadın stilistlər kişi obrazını kişilərdən fərqli görə bilirlər. Həm də qadın kimi, onların nə xoşladığını yaxşı bilirlər”.

Bloqçu kişi müştərilər üçün xidmətin baha olmadığını vurğulayıb: 

“Nəzərə alsaq ki, kişi qadından daha az sayda müraciət edir, son nəticədə daha az pul xərcləyir. Məncə, qadın üçün daha bahalı və çox xidmət mövcuddur.

Aylıq xərc 100, maksimum 200 manat arası ola bilər. Bu, təmiz dəri, təravətli görünüş, sağlam və dəbli saç düzümünü nəzərdə tutur. 

Məncə, özünü sevən və aktiv həyat tərzi sürən kişi üçün o qədər də böyük məbləğ deyil. 

Metroseksuallıq bizim cəmiyyətdə çox zaman düzgün anlaşılmır deyirlər. Mən şəxsən belə anlaşılmazlıqlarla qarşılaşmıram. Öncə metroseksual sözünün mənasını bilmək vacibdir. 

Kənardan baxıb “özünə yaxşı baxırsan a!”, “getdikcə cavanlaşırsan!” və ya digər komplimentlər eşidirəm, həm də hər iki cinsin nümayəndələrindən. Belə komplimentlərə zarafatla cavab verirəm. “Cavanlığın sirri nədir?” sualına cavab isə fitnes, gündəlik 2 litr su, sağlam qida, müntəzəm aktiv həyat və hər şeyə pozitiv baxışdır.

Hər bir insan, cinsindən asılı olmayaraq hər zaman təravətli, təmiz, baxımlı olmalıdır. Çünki atalar demişkən, insanı xarici görünüşə görə qarşılayıb, ağlına görə yola salırlar. Hesab edirəm ki, hər ikisində qarşıdakına yaxşı təəssürat bağışlamaq lazımdır”.

1 Şərh

1 Comment

  1. Pingback: Azərbaycanda kişilər arasında baxımlı olmaq nə qədər dəbdədir? – Rəy – Elnara Nakhmedova's Blog

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa