Köşə yazıları

Axı niyə biz gözlərə bu qədər önəm veririk? Bəs niyə onlar bizi özünə bu qədər çəkir?

Yevqeniy Qrinko “Jane Maryam” ifa edirdi fonda… Son zamanlar musiqi dinləməyi özünə qadağan etmişdi. Bütün sevdiyi musiqilərdən qaçırdı. Bu gün o yazını yazmağa başlayanda dinlədi amma…

“Gözlər, bizi bizdən alan gözlər.. Alıb özündə boğan gözlər. Boğan, həm də çox dərinliklərdə boğan gözlər. Bizi özünə aşiq edən gözlər.. Bütün sevənlərin tək ünvanı – gözlər…

Aşiq olan insanların ən çox bağlandığı və qorxduğu tək ünvandır gözlər. “İlk baxışdan sevgi”, “Gözlərdə boğulmaq”, “Gözlərə baxa bilməmək”, “Gözlərdən qaçmaq” və ya “Gözlərdə qalmaq”… sevənlərin bəzən dilə gətirməsələr də ürəklərində belə olsa, çox istifadə etdiyi sözlər, fikirlər.

Axı niyə biz gözlərə bu qədər önəm veririk? Bəs niyə onlar bizi özünə bu qədər çəkir?

Alimlərin araşdırmalara görə, göz kontaktı insanları bir-birə aşiq edə bilər. Belə ki, göz kontaktı iki insan arasında cazibənin yaranmasını artırır və bağlılıq yaradır. Araşdırmalar göstərir ki, insanlar bir-birlərinin gözlərinin içinə baxanda onların bədəni feniletilamin adlı kimyəvi maddə ifraz edir. Bu maddənin sayəsində insanlar bir-birlərinə aşiq ola bilirlər.

Olubmu ki, sevəcəyiniz bir insanın gözlərinə ilk qarşılaşmanızda baxdığınız zaman qəribə bir bağlılıq hiss etmisiniz? Elə bir bağlılıq ki, sanki bu gözləri daha öncə də görmüsünüz, amma o gözlər indiyə qədər gördüyünüz bütün gözlərdən fərqli və doğmadırlar. Bilmirəm, bəlkə də səbəb odur ki, sadəcə bu hiss – qarşıda sizi gözləyən sevgi hissi yaradıb bu bağlılığı gözlərdə… Amma hər halda, siz hiss etmisiniz. “Bu, o insandır”, – deyə düşünmüsünüz… Sonra sevmisiniz, sevərkən gözləriniz bir başqa  dəyişib. Gülüşünüzə fərqli məna qatılıb, gözəlləşib. Gözləriniz də gözəlləşib. Gözəl baxmısınız…

Sevənlər sevdiyinə hər zaman gözəl baxar. Gözlərdə işıq yaranar, bir az sevinc, bir az kədər, bir az da eşq… Yox, yox, bir az yox, çox, lap çox eşq… Eşq yaranar, yarandığı üçün də gözlərdə işıq yaradar. Elm deyir ki, biz sevdiyimiz nəyəsə baxanda və ya sevinəndə göz bəbəklərimiz böyüyür. Sevəndə də belə olur. İnsan sevdiyi şəxsə baxanda göz bəbəkləri böyüyür, ona görə də həmişə deyirlər ki, insan sevəndə gözəlləşir…

Maraqlıdır ki, beyində görmə duyğusuna aid neyronların sayı, digər duyğu orqanlarına aid neyronların birlikdə cəmindən belə daha çoxdur. İnsan bədəni xarici mühitin 80%-ə qədərini görmə duyğusu vasitəsilə qəbul edir. Beləliklə, gözlər sevgi hissini formalaşdıracaq neyronlar üçün bir vasitə rolunu oynayır.

1970-ci ildə amerikalı alim Zik Rubin öz araşdırmaları nəticəsində bu qənaətə gəlir ki, sevən insanlar digər insanlara nisbətdə bir-biriləri ilə daha uzun müddətdə göz kontaktında olurlar. O deyirdi ki, normalda insanlar danışarkən 30-60% göz kontaktı qururlarsa, bir-birilərinə aşiq insanlar isə 75% göz kontaktında olurlar. Rubinin bu araşıdırmasından ruhlanan və 1987-ci ildə bu istiqamətdə geniş eksperimentlər həyata keçirən Artur Aron deyirdi ki, bu, “toyuq – yumurta” məsələsi kimi bir şeydir. Göz kontaktı sevgiyə səbəb olur, yoxsa sevgi göz kontaktını artırır, fərqi yoxdur. Əsas odur ki, sonda gözəl bir şey – eşq yaranır.

Bəli, eşq yaranır və biz o insanın gözlərinə bağlanırıq. Bəzən də baxa bilmirik o gözlərə. Ya da baxmaq istəmirik, gözlərimizi qaçırırq. Amma real olan budur ki, biz sevdiyimiz şəxsin gözlərinə baxanda təkcə baxmırıq, həm də hiss edirik. Çox dərin və fərqli duyğular hiss edirik. Qəlbimizdən gözlərimizə axan, onlarda sevgi və ya kədəri əks etdirən hisslər… Bəzən gözlərimizi qaçırçmağımızın da səbəbi o olur. Hisslərimizi həmin insana göstərmək istəmirik deyə.”

Qrinko ilə sağollaşmaq vaxtı idi artıq…

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa