Müsahibə

Sara Rəcəbli: “Sahibkar nəyəsə arxalansa, onun işi heç vaxt getməyəcək”

“6-cı sinifdə oxuyarkən özümə məqsəd qoymuşdum ki, 30 yaşıma qədər uğurlar əldə edim”

Ölkə başçısı İlham Əliyevin 2 Fevral Gənclər günü münasibətilə gənclərin mükafatlandırılması haqda imzaladığı sərəncama əsasən mükafat alanlar siyahısına gənc sahibkar Sara Rəcəbli daxil olub, bu münasibətlə onu təbrik edib, həmçinin əldə etdiyi uğurun sirrlərini bizimlə də paylaşmasını xahiş etmişik

– Gənclər günündə ölkə başçısı tərəfindən təltif olundun. 22 yaşda bu mükafatı almaq necə bir hissdir? Olimpiadalarda medal qazanan bəzi çempionlarımız kimi arxayınlaşmayacaqsan?

Məndə arxayınlaşma olmayacaq. Bilirsiniz niyə?! Çünki mən sahibkaram.. Sahibkar elə bir insandır ki, o, 24 saat öz işi haqqında fikirləşməlidir. Onun qrafiki heç vaxt 9-dan 6-ya kimi olmur. O fikilərşməlidir ki, reklamı necə düzgün apara bilər, marketinqini necə düzgün şəkildə qurmalıdır? Sosial sahibkaram. Sosial sahibkarlıq odur ki, hər hansı bir sosial problemi dollarla yox, biznes modeli ilə həll etməkdir.

– “BUTA Art Sweets” layihəsini yaratmaq fikrinə hardan gəldin?

– Universiteti bitirəndən sonra istədim bir sosial layihə yaradım. Fikirləşirdim ki, tək sosial layihə yaratsam, kimdənsə asılı olacam və o davamlı olmayacaq. Daha çox sosial sahibkarlıq konsepsiyasını araşdırmağa başladım. Belə bir qərara gəldim ki, Azərbaycanda ən çox istifadə olunan məhsullardan biri şirniyyat olur. Ona da sosial dəyəri əlavə edib bizim xanımlara da dəstək olum. Buna görə də sosial biznes layihəsi yaradım. Məzun olduqdan sonra 2017-ci ildə – “BUTA Art Sweets” layihəsini yaratmaq qərarına gəldim. Mənim cibimdə sadəcə 160 manat var idi. Gedib şirkətlərə müraciət edirdik. Əlimdə olan 160 manatı xanımlardan olan şirniyyat sifarişlərinin alınması üçün sərf etdim. Biz nə qədər yerlərə müraciət etdik. Müraciət etdiyimiz əksər yerlərdən “yox” cavabı aldıq.

Nə qədər əziyyət çəkdik. Yıxıldıq, əzildik, qapıları üzümüzə bağlayanlar oldu. Amma biz öz məqsədlərimizə çatdıq.

Hazırda komandamızda 15 xanım çalışır. Onların müəyyən ehtiyacları var, fiziki məhdudiyyətləri var. Və onlar ev şəraitində müstəqil olaraq öz məhsullarını yaradırlar və biz sadəcə kömək edərək satışı həyata keçiririk. Bu layihədə çalışan xanımlar ay ərzində minimum 200 manat qazanc əldə edirlər. Novruz bayramı ərəfəsində isə bu qazanc 500 manata kimi çatır. “BUTA Art & Sweets” Azərbaycanda ev şirniyyatlarına aid ilk sosial biznes layihəsidir. Məqsəd xüsusi ehtiyacı olan xanımların işsizlik problemini şirniyyatların ev şəraitində hazırlanması və satışı ilə həll etməkdir. Qısamüddətli fəaliyyətimizə baxmayaraq, 15 xüsusi ehtiyacı olan xanımı cəlb edib menyuya 25 növ şirniyyat növü əlavə etməklə, 30-dan çox şirkət (otel və turizm şirkətləri daxil), QHT və tədbir təşkilatçıları ilə uğurlu əməkdaşlıq qurub, 8 ölkədə (Rusiya, Fransa, Macarıstan, Bəhreyn, Latviya, Niderland, İsveçrə) yüksək səviyyəli yerli və beynəlxalq tədbirlərdə xanımlarımızın hazırladığı şirniyyatları təqdim etmişik.

– BMT səviyyəsində sahibkarlığı təmsil edən ilk Azərbaycanlı gənc sahibkarsan. Burada fəaliyyətin nədən ibarətdir?

– BMT-nin Gənclər Forumunun bir elanın gördüm. Orada qeyd olunurdu ki, öz layihələrin həyata keçirmək üçün gənc sahibkarlar müraciət edə bilərlər. Orada sosial sahibkarlıq adında bir panel diskussiyası var idi. O dövrdə Azərbaycandan indiyə kim BMT səviyyəsində heç bir sosial sahibkar ölkəmizi təmsil etməyib. Müraciət etdim və müraciətim qəbul olundu. Gənclər Fondunun maliyyə dəstəyi ilə nəqliyyat xərclərimi qarşıladılar. BMT-nin Cenevrədə təşkil olunan forumunda iştirak etdim. Bu, bizim üçün çox böyük uğur idi. Orada çıxış edəndə Azərbaycanın sosial sahibkarlıq haqqında olan uğurlarından da danışdıq. Bununla yanaşı, gənclər siyasətinin modeli haqqında biz danışanda ordakı avropalı, asiyalı və amerikalı gənclər hamısı təəccüblə baxırdılar ki, yəni dövlət özü belə bir sosial sahibkarlığa diqqət göstərir. O nümunələrdən də biri kimi, “ABAD” layihəsini qeyd etmək olar. Biz bu layihəni təqdimatda göstərəndə onlar hamısı şoka düşmüşdülər ki, dövlət özü birbaşa bu layihələrə dəstək olur.

– Necə bilirsən, insanı güclü edən nədir?

– Çətinliklər və problemlər. Çünki çətinliklər bizi komfort zonadan çıxarır. Bizi güclü edən isə problemlər və bizimlə ünsiyyətdə olan insanlardır.

Bu yaşına qədər kifayət qədər uğur qazanmış bir gənc olaraq növbəti ideyandan xəbər tutmaq istərdik.

Bizim yeni bir layihəmiz var və böyük məmnuniyyətlə layihə barədə fikirlərimizi sizinlə paylaşıram. Azərbaycanda fiziki məhdudiyyətli həm kişilərə, həm də qadınlara aid rəqəmsal sosial kampaniya keçirmək istəyirik. Onların hər biri ilə tək tək müsahibələr götürüb onların əldə etdiyi uğurları və uğursuzluqları sosial şəbəkələrdə paylaşaraq müxtəlif ölkələrdə təqdim etmək istəyirik. Beynəlxaq layihəyə çevirmək istədiyimiz bu kampaniyada insanlar görsünlər ki, fiziki məhdudiyyətləri olan insanların heç də bacarıqsız olmadıqları stereotipləri sındırmaq niyyətindəyik. Bu, bütün dünyada belədir, tək bizim ölkə deyil.

Uğurların yanında uğursuzluqlar da yer alacaq, bununla biz hər kəsə bildirmək istəyirik ki, hər bir nailiyyətin yanında mətinliklər, uğursuzluqlar da var.

Səncə, bu mükafatı nə üçün qazandın?

31 yanvar tarixində gecə mənə Gənclər və İdman Nazirliyindən zəng etdilər ki, sabah prezidentin gənclərlə görüşü var. Prezident mükafatına layiq görülən 6 gəncdən biri də sizsiniz. Həqiqətən çox gözlənilməz idi. Gördüyüm işlərlə nə vaxtsa bu mükafatı alacağımı düşünməmişdim. Kimlərəsə dətək olaraq kənardan izləndiyimi bilmirdim, demə, dövlət qurumları tərəfindən fəaliyyətimiz, bütün işlərimiz izlənilirmiş.

– Ən böyük arzun nədir? Cəmiyyətimizi necə görmək istərdin?

Bizim çox böhranlı məqamlarımız ola bilər və belə anlarda ümidimizi itirməməliyik. Heç vaxt özümüzü sındırmamalıyıq, işimiz alınmırsa, bu işdən əl çəkməməliyik, başladığımız işdən nə olursa olsun, əl çəkməməliyik. Bizim bu əzmkarlığımız çox vacibdir. Motivasiya mənim üçün yalnız başlanğıcda lazımdır. Başladığın işə uğurla davam etmək üçün isə əzmkarlıq tələb olunur. Həyat eşqimiz güclü olmalıdır. Hər bir işi çox istəməliyik, bütün dünya bizə qarşı olsa da, biz öz tutduğumuz yoldan dönməməliyik. Bu işə başlayanda 6 ay depressiyada oldum, çünki kimsə uğur qazanacağıma inanmırdı.

Hətta atam da mənə “alınmayacaq” demişdi. Amma bu mükafatı alandan sonra atamın da mənim layihəmə olan fikirləri dəyişdi. Hətta dünən (red. 1 fevralda) ad günü idi və söylədi ki sənin aldığın hədiyyə mənim üçün ən böyük hədiyyədir. Atama minnətdarlığımı bildirirəm ki, mənə xarici ölkədə təhsil almağıma icazə verib. Lakin indi atamdan tək istəyim maddi olaraq deyil mənəvi olaraq mənə dəstək olmasıdır.

 
Mənbə: http://xeberle.com

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa